“Səviyyə baxımından da Azərbaycana uduzuruq” Siyasət

“Səviyyə baxımından da Azərbaycana uduzuruq”

Aleksandr İsgəndəryan: "Özü də çox ciddi şəkildə"

"Dağlıq Qarabağdakı "dördgünlük müharibə" bir sıra məqamları aşkarladı və onların çoxu da bizim üçün xoşagəlməzdir. Əvvəla, anlamalıyıq ki, Azərbaycan istənilən an müharibəyə, yaxud genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Bu, çıxarmalı olduğumuz əsas dərsdir. Digər məsələ isə Ermənistan ordusunun silah və hərbi texnika təminatının səviyyəsi ilə bağlıdır. Bax, bu səviyyə baxımından Azərbaycana uduzuruq. Özü də çox ciddi şəkildə".
İrəvandakı Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan Newsarmenia-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində artıq geri çəkilmək niyyətində deyil. Belə şəraitdə Ermənistanın artıq müvafiq addımlar atmasının gərəkdiyini vurğulayan A.İsgəndəryan deyib: "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət həddən artıq gərginləşib. Yeni Qarabağ müharibəsi hər an başlaya bilər. Əslində, Dağlıq Qarabağdakı son hərbi əməliyyatları müharibə saymaq olmaz. Müharibə başqa cür olur. Azərbaycan faktiki olaraq xüsusi təyinatlı dəstələrlə vuruşdu. Qarabağlı ermənilərə cəbhə boyu hücum olmadı, şəhərlər bombalanmadı, aviasiyadan istifadə olunmadı və s."
A.İsgəndaryan hesab edir ki, silahlı qüvvələrin silah və hərbi texnika təminatı baxımından Azərbaycan Ermənistanla müqayisədə üstün vəziyyətdədir. "Qarabağda müharibə ehtimalı o zaman minimum olardı ki, Azərbaycanla Ermənistanın hərbi potensialı eyni səviyyədə olsun. Amma belə deyil, Azərbaycan bizdən üstündür. Təbii, Ermənistan rəhbərliyi bu geriliyi aradan qaldırmağa çalışır, Qarabağa silah, canlı qüvvə, texnika yollayır. Lakin balansa nail olmaq üçün vaxt gərəkdir. O vaxt isə əldən buraxılıb və indi biz faktiki olaraq Azərbaycana çatmağa çalışırıq. Son hərbi əməliyyatlar bizə dərs olmalıdır. Azərbaycanla vuruşmaq üçün silah, texnika, sursat, canlı qüvvə gərəkdir. Yeganə çıxış yolumuz və mənbəyimiz Rusiya, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır.
Ermənistanda eyforiya var, ruh yüksəkliyindən danışırlar. Kütlələrin emosiyalarının isə real müharibəyə, real perspektivlərə, hadisələrin eskalasiyasına əsla dəxli yoxdur. Küçələrdə yürüşlər edənlər, "Azərbaycanı darmadağın edərik" tipli yazılarla sosial şəbəkələri dolduranlar hərbi ekspertlər, analitiklər, Klauzevitslər deyillər. Əvvəllər də belə qışqırıqları, çağırışları eşitmişik. Sözsüz, emosional partlayış var və bunu gözləyirdim. Söz yox, emosiyalar gənclər üçün yaxşıdır. Vətənpərvərlik ruhu da pis şey deyil. Amma o ruhla tanklara atəş açmaq olmaz. Döyüşmək üçün "Toçka U", "Smerç", "Uraqan" gərəkdir. Üstəlik, vətənpərvərlik ruhu ilə yanaşı, hava hücumundan müdafiə sistemi də lazımdır".
Vətənpərvərlik ruhuna güvənib vuruşmaq asan deyil. "Azərbaycana qarşı dəyənəklə də savaşarıq", "Rusiya əvəzinə başqa ölkədən silah alarıq" tipli bağırtılar axmaqlıqdır. Yaxşı, Rusiyadan silah almayıb kimdən alacağıq?! Deyirlər ki, başqa ölkələrdən, NATO-dan. Amma biz ermənilər nədənsə dərk etmək istəmirik ki, silah bazarının öz qanunları var, silahların qiymətləri fərqlidir, hər şey çox mürəkkəbdir. Ermənistanda isteriya var. Bax, məni bu narahat edir".
A.İsgəndəryan daha sonra bildirib ki, gənc ermənilər Rusiyaya nifrət etdiklərini deyərək hətta Ermənistan rəhbərliyinin acığına Qarabağa vuruşmağa getməyəcəklərini də deyirlər: "Belə emosional partlayış uzunmüddətli ola bilməz. Ermənistan postmüstəmləkə sindromu yaşayır. Üstəlik, son 20 ildə ən ağır itkilər verdiyimizdən cəmiyyətdə əsəblər tarıma çəkilib. Bu şokdan qurtulmalıyıq. İnsanlarla danışmaq, onları başa salmaq lazımdır. Onlar qışqırmağa davam edirlərsə, bunu anlayışla qarşılamaq gərəkdir. Yəni "yumşaq güc"ə əl atmaq gərəkdir. Di gəl, vəziyyət çətindir, çünki Ermənistan cəmiyyəti hakimiyyətə inanmır.
Bu yaxınlarda, Dağlıq Qarabağdakı hərbi əməliyyatlara qədər maraqlı tədqiqatla tanış oldum. Sosioloji sorğuların nəticələrinə görə, Ermənistanda hakimiyyətdə olan Ermənistan Respublika Partiyasına respondentlərin 16 faizi etibar edir. Daşnaksutyun və Erməni Milli Konqresinə 4 faiz inanır. Yəni bütün siyasi partiyalara inam təqribən 30 faizdir və əhalinin 70 faizi mövcud siyasi sistemdə kimsəyə inanmır. Problem budur".