“Türk dövlətlərində milli oyanış, özünə inam hissi güclənib” Siyasət

“Türk dövlətlərində milli oyanış, özünə inam hissi güclənib”

“SSRİ-nin dağılmasından sonra baş verən proseslər, torpaqlarımızın işğalı, iki Qarabağ müharibəsi, 35 illik danışıqlar və informasiya bolluğu sayəsində Azərbaycan cəmiyyəti kifayət qədər siyasiləşmiş, dostunu düşməndən, yalanı doğrudan ayırmağı bacaran cəmiyyətdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev deyib: “Ona görə də, əsrlərin sınağından çıxmış, özünün şərəfli dövrünü yaşayan Türkiyə və Azərbaycan münasibətlərinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi tarixi zərurətdir. Söhbət Türkiyə Azərbaycan münasibətləri ilə yanaşı, bütövlükdə Türk dünyasının gələcəyindən gedir.
44 günlük müharibənin yaratdığı reallıqların biri də odur ki, Mərkəzi Asiya Türk dövlətlərində milli oyanış, özünə inam hissi güclənib. Qısa müddət ərzində türkdilli ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, hərbi əməkdaşlıq görünməmiş həddə çatıb. Avropa ilə Asiya arasında ən optimal nəqliyyat-logistika imkanlarına malik, strateji coğrafiyada yerləşən Türk dünyası, zəngin təbii resursları, insan kapitalı ilə, qlobal hərbi-siyasi-iqtsadi-maliyyə mərkəzinə çevrilə bilər. Əminəm ki, uzun illərdən bəri müxtəlif imperiyaların “parçala, hökm sür” siyasətinə son qoyulacaq və yaxın gələcəkdə Türk Dövlətləri Birliyi, beynəlxalq münasibətlər sistemində özünə məxsus layiqli yerini tutacaq”.