“İndiki situasiyada vəziyyət olduqca qəlizdir” Siyasət

“İndiki situasiyada vəziyyət olduqca qəlizdir”

Azər Verdiyev: "Ona görə də Ermənistan geri çəkilmək məcburiyyətindədir"

Aprelin ilk günlərində təmas xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra beynəlxalq birliyin regiona diqqəti daha da artıb. 4 günlük hərbi əməliyyatlardan dərhal sonra Rusiya rəsmilərinin Azərbaycan və Ermənistana səfəri, həmsədrlərin aktivliyinin artması problemin həllinə müəyyən ümid yaratsa da, lakin hazırkı situasiyada ciddi bir hərəkətlilik müşahidə edilmir. Yalnız ortada olan mənzərə ondan ibarətdir ki, may ayının sonlarında Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana səfər edəcək. Elə bu baxımdan ekspertlər Kreml rəhbərinin regiona səfərinin müəyyən mənada müsbət nəticələrə gətirib çıxaracağı qənaətindədirlər. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin sədri, ekspert Azər Verdiyev də hesab edir ki, indiki hıssa məqamda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana nəzərdə tutulan səfəri olduqca əhəmiyyətlidir. Azər Verdiyev Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada nəzərdə tutulan görüşündən gözləntilər barədə də danışıb: "Əvvəla onu qeyd etmək lazımdır ki, aprel ayında baş verən hərbi gərginlik məhz erməni tərəfinin təxribatları ucbatından oldu. Bu gün Ermənistan bütün sahələrdə olduğu kimi siyasətdə də başını itirib. Onlar hal-hazırda anarxik və emosional siyasət yürütməkdədirlər. Bu mənada hesab edirəm ki, mövcud durum Azərbaycanın xeyrinə işləyir. Fosfor mərmidən istifadə ümümiyyətlə beynəlxalq konvensiyalara da ziddir. Məhz bu səbəbdən də Azərbaycan bu mərmini beynəlxalq müşahidəçilərin iştirakı ilə zərərsizləşdirdi. Bu artıq təxribatdan daha çox erməni qorxaqlığından xəbər verir. Ermənistan çox gözəl bilir ki, Azərbaycan ordusunun İrəvana çatması üçün 2 həftə tamamilə bəs edər. Bu və digər real faktorlar düşməni bu kimi səhf və düşünülməmiş addımlar atmağa məcbur edir".
Onun sözlərinə görə, səfərlə bağlı hələlik tam dəqiq məlumat verilmir: "Lakin hesab edirəm ki, indiki şəraitdə bu səfər olduqca vacibdir. Artıq rəsmi Moskva tam şəkildə Azərbaycanı dəstəklədiyini bəyan edib. Eyni zamanda Ermənistana hərbi yardım edir. Bu paradoksal bir siyasətdi. Hesab edirəm bu səfər baş tutsa bəzi qaranlıq məqamlara da aydınlıq gələr. Bir fakt dəqiqdir ki, Rusiya xarici siyasət konsepsiyasında Azərbaycanın ərazi bütövlüyü tam təsdiqini tapıb.
Cənab Prezident dəfələrlə qeyd edib ki, artıq ikitərəfli görüşlər heç bir effekt vermir. Hesab edirəm ki, bu görüş də vaxt itkisindən başqa bir şey deyil. Lakin rəsmi Bakı hər zaman münaqişənim həllində sülh yolunu əsas tutduğu üçün bütün danışıqlara açıq olduğunu bəyan edib. Ermənistan isə hər dəfə bu tip görüşlərdən sonra müxtəlif təxribatlara əl atıb. Lakin indiki situasiyada vəziyyət olduqca qəlizdir. Ona görə də Ermənistan geri çəkilmək məcburiyyətindədir.
Bir daha qeyd edirəm ki, rəsmi Bakı bütün beynəlxalq çağırışları və hümanist siyasəti əsas tutaraq bütün münaqişələri qəti şəkildə pisləyir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycan hər zaman danışıqlar masasında əyləşməyə və qeyd-şərtsiz torpaqların azad olunması tələbini irəli sürməkdə qərarlıdır. Əgər danışıqlar baş tutmasa bu mütləq növbəti erməni təxribatı səbəbindən olacaq".