“Qurultayın ölkəmiz üçün əhəmiyyəti böyükdür” Siyasət

“Qurultayın ölkəmiz üçün əhəmiyyəti böyükdür”

Aydın Mirzəzadə: "Azərbaycanla xaricdə yaşayan azərbaycanlılar arasında sıx tellər var"

"Ümumiyyətlə hər 4 ildən bir keçirilən Dünya Azərbaycanlılarının ənənəvi Qurultayı tək Azərbaycan üçün deyil, region üçün böyük əhəmiyyət daşıyır. Müəyyən tarixi səbəblərdən müxtəlif bölgələrdə yaşayan azərbaycanlılar özünün Ali Məclislərində Azərbaycan xalqının mədəni və mənəvi inkişafını, onun dünya çağırışlarına adekvat cavab verməsini, Azərbaycan Respublikasının qüdrətinin artırılmasını, Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın azad edilməsi məsələlərini ciddi şəkildə müzakirə edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə iyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı barədə fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Qurultayda həmrəyliyin yüksədilməsi, dilin qorunub saxlanılması, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq Azərbaycan xalqına məxsus olan xüsusiyyətlərin qorunması əsas məsələlərdən sayılır: "Amma bununla belə azərbaycanlılar yaşadıqları ölkənin qanunlarına, həmin ölkənin əsas xalqlarının adət və ənənəsinə, dini inanclarına hörmətini nümayiş etdiriblər. Məhz həmrəylimizin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları ölkə arasında mədəni və iqtisadi körpünün qurulmasında böyük rol oynayıb. Hesab edirəm ki, bu Qurultay da azərbaycanlıların bir xalq kimi bundan sonra dünya birliyində öz layiqli yer tutmasının dəqiq yollarını göstərə biləcək".
Aydın Mirzəzadə əlavə edib ki, Qurultayda müzakirələrin açıq şəkildə keçirilməsi Azərbaycan xalqının ümumən dünya xalqlarının mədəni irsinə hörmətlə yanaşdığını, özünün mədəni irsini həmişə yüksək səviyyədə təqdim etdiyini, mənəvi və mədəni cəhətdən zənginləşməyə açıq olduğunu bir daha sübut etdi: "Azərbaycan dövləti müstəqil olduğu 25 il ərzində bu gün ən yüksək nəticələrə nail olub. Azərbaycandan kənarda yaşayanlar azərbaycanlı olmaları ilə yanaşı, eyni zamanda tarixi vətənləri olan Azərbaycanda milli dövlətin uğurları ilə də fəxarət duyurlar. Bu gün Azərbaycan dövləti ilə xaricdə yaşayan azərbaycanlılar arasında çox sıx tellər var".