“Türkiyəni parçalmaq istəyirlər” Siyasət

“Türkiyəni parçalmaq istəyirlər”

Vüqar Zifəroğlu: "Başlıca hədəfi türk milləti və Türkiyə dövlətidir"

İstanbul şəhərində polisləri hədəf alan növbəti terror aktı baş verib. Baş vermiş terror aktından sonra xarici turistlərin böyük bir hissəsi İstanbulu tərk etməyə başlayıb. Bildiyimiz kimi terrorçular bu dəfə çevik polis əməkdaşlarını hədəfə alıblar. Hələ ki, heç bir qruplaşma terror aktını öz üzərinə götürməyib. İstanbulda baş verən terror aktı barədə "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu danışıb: "Əslində istər İstanbuldakı son terror aktı, istər bundan əvvəl Ankarada, Türkiyənin cənubi-qərbində demək olar ki, hər gün baş verən terror hadisələri ilk növbədə Ankaranın son illər ərzində bölücü qruplaşmalara qarşı apardığı əməliyyatlara bir əks-cavab kimi qiymətləndirilməlidir. Təbii ki, Türkiyənin bu kimi qanlı olaylarla başının öz daxili işlərinə qarışmasında maraqlı olan dövlətlər də çoxdur və burada onların da müəyyən qədər dolayısı ilə oynadıqları rolu inkar etmək olmaz. Bu baxımdan terror aksiyalarının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, eləcə də regionda maraqları olan və Türkiyə ilə maraqları toqquşan dövlətlərin böyük rolunun olduğunu söyləyə bilərik. Türkiyədə istər fevral, istərsə də bu günlərdə baş verən terror aksiyasının başlıca hədəfi türk milləti və Türkiyə dövlətidir".
Qeyd edək ki, terror aktı nəticəsində 11 nəfər həlak olub, 36 nəfər yaralanıb.