“İndiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq vacibdir“ Siyasət

“İndiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq vacibdir“

Sahibə Qafarova: "Fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindəndir"

Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də həmin sahələrdə öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.
Tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, xristianlıq, yəhudi dinləri mənsub insanlar qarşılıqlı anlaşma, əmin-amanlıq şəraitində yaşayıblar.
Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir. İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Azərbaycan, həmçinin regionda sabitləşdirici faktor rolunda çıxış edərək bölgənin təhlükəsizlik seqmentlərini formalaşdırır. Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Ölkəmiz həm də dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur.
Son illərdə Bakıda keçirilən Beynəlxalq Humanitar forumlarda da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlı olub. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir: "Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik."
Dövlət başçısı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: "Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi".
Bu gün Azərbaycanın bütün qitə ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Respublikamız müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən sarsılmaz dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır: "Yalnız bu yolla uğura nail olmaq mümkündür. Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir".
Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırılmasının təsadüfi olmadığını görmək olar. Azərbaycan bir dostluq atmosferi yaratmaqla hamını öz evində humanitar birliyə dəvət edir. Hər bir ölkə üçün xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər ssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir. Respublikamız hazırda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Bir sözlə, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur.
Millət vəkili Sahibə Qafarova bildirib ki, dünya ictimaiyyəti bu gün çətin suallarla üzləşib. S.Qafarova bir tərəfdən baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadlarının, digər tərəfdən siyasi müstəvidə baş verən qarşıdurmaların ictimaiyyəti ciddi narahat etdiyini vurğulayıb. Qeyd edib ki, dini, irqi zəmində ayrı-seçkilik və onun şərtləndirdiyi dərin kataklizm və terror dalğalarının yaratdığı narahatlıqlar getdikcə artır: "Ona görə də əməkdaşlıq, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir. Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq vacibdir". O, bildirib ki, dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindəndir. Deputat antisemitizmin, ksenofobiyanın Avropa ictimaiyyətini narahat edən əsas məsələ olduğunu diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycan öz multikultural dəyərləri, tolerantlıq mühiti ilə haqlı olaraq öyünür: "Çünki əsrlərdən bəri Azərbaycanda bir çox millətlərin, dinlərin nümayəndələri mehribanlıq və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə milli, dini zəmində heç bir qarşıdurma yaşanmayıb və möhkəm əsaslara söykənən multikulturalizm mühiti və barış mövcuddur. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi fəaliyyət göstərir. Təkcə elə bu fakt Azərbaycan xalqının tolerantlığının bariz göstəricisidir". O bildirib ki, dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir və yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi ölkədir: "Azərbaycan dövləti ölkədəki xristian və yəhudi icmalarına böyük diqqət və qayğı göstərir, onların dini inanclarını icra etmələri üçün hər cür şərait yaradır. Azərbaycanda yəhudilərin və xristianların dini və milli bayramları qeyd olunur, ölkə başçısı hər bayram ərəfəsində bu icmalara təbrik məktubu ünvanlayır. Sovet hakimiyyəti dövründə dağıdılmış kilsə və sinaqoqlar müstəqillik illərində Azərbaycan dövləti tərəfindən yenidən qurulub və təmir edilib. Azərbaycanın ən böyük yəhudi sinaqoqu dövlət vəsaiti hesabına təmir edilib, yəhudilər ölkənin ictimai həyatının bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, hərbi və digər sahələrdə fəal iştirak edirlər". S.Qafarova ölkəmizdəki bu yüksək barış və sabitlik mühitini vurğulayaraq, Azərbaycan xalqının bu gün sahib olduğu multikultural dəyərlərlə fəxr etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə gözəl bir örnəkdir.

Əli