“Ermənilər Laçın koridoru və onun ətrafında 15 kilometrlik xüsusi bufer zonanın yaradılmasını istəyirlər” Siyasət

“Ermənilər Laçın koridoru və onun ətrafında 15 kilometrlik xüsusi bufer zonanın yaradılmasını istəyirlər”

Qabil Hüseynli: "Eləcə də Kəlbəcərlə bağlı da eyni fikrə düşüblər"

Ortada olan həll variantları, xüsusən, Rusiyanın təklifləri, Qarabağın status məsələsi, ermənilərin Vardenisdən Ağdərəyə çəkdikləri yola Laçın dəhlizi statusunun verilməsi haqqında məsələ qaldırmaları danışıqlar prosesinə qarışıqlıq gətirib. Bu barədə politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, bu gün Ermənistanda həddindən artıq radikal, təcavüzkar bir ovqat var:
"Ermənilər, necə ki, Laçın koridoru və onun ətrafında 15 kilometrlik xüsusi bufer zonanın yaradılması istəyirlər, eləcə də Kəlbəcərlə bağlı da eyni fikrə düşüblər. Beləliklə, Kəlbəcər və Laçının geri qaytarılması natamam baş tuta və bu nöqteyi-nəzərdən danışıqlar prosesi ləngiyə bilər. Məsələ burasındadır ki, bu gün Ermənistanda həddindən artıq radikal, təcavüzkar bir ovqat var. Moskva İrəvana təzyiq edən kimi, dərhal anti-rus dalğası baş qaldırır. Rusiya apreldən sonra Azərbaycana ehtiyatla yanaşır. Vyana və Sankt-Peterburq görüşlərilə Bakı-Moskva arasında ticari, hərbi əlaqələr genişlənəcək. Azərbaycanın qarşıya qoyduğu əsas strateji məqsədi Dağlıq Qarabağla bağlı hədəfləridir. Bölgədə normal sülh şəraiti üçün lazım olan şərtlərin meydanda olduğunu iddia edə bilmərik. Çünki ermənilər özlərini son dərəcə pis aparırlar, üstəlik, yeni havadarları da peyda olub".
Siyasi konyunkturanın geniş hərbi əməliyyatların aparılmasına imkan vermədiyini qeyd edən politoloqa görə, bu şəraitin dəyişməsi Rusiya və Amerikanın irəli sürəcəyi şərtlərdən asılı olacaq: "İndiki vəziyyət diktə edir ki, Azərbaycan istər hərbi, istərsə də siyasi sahədə tələsməməlidir. Bizi qarşıda çox böyük diplomatik döyüşlər gözləyir. Yalnız 5 rayon ətrafında ciddi söhbətlər gedir, Kəlbəcər və Laçınla bağlı ciddi konsensusa nail olunmayıb. Dünyada baş verən son dəyişiklər Azərbaycanın fəal mövqeyini getdikcə artırır. Uzağı 3-5 ilə daha güclü olacağıq və təsir imkanlarımız xeyli artacaq. Gözlədiyimiz əlverişli məqam arzu etdiyimiz nəticələrlə başa çata bilər. Qarabağ məsələsi siyasi və hərbi sahədə həlledici fazaya daxil olub. Hər iki fazanın təsir gücü hazırda bərabərdir və istəsək, avqustda vəziyyəti kökündən dəyişə bilərik. Lakin Bakı sülh xəttinə sadiqdir və danışıqlar prosesində çox ciddi mübarizə aparacaq".