“Gürcüstan oz həmvətənləri olan soydaşlarımızın mədəniyyətinə qucaq açmalıdır” Siyasət

“Gürcüstan oz həmvətənləri olan soydaşlarımızın mədəniyyətinə qucaq açmalıdır”

Zəlimxan Məmmədli: "Elat Mədəniyyəti günü soydaşlarımızın milli mədəni özəlliyinin nümayiş olunduğu bayramdır"

"Dmanisoba gürcü millətinin Dmanisidə keçirdikləri bayramıdır. Analoji Tbilisoba, Qax rayonunda gürcü həmvətənlərimizin keçirdiyi Geogioba da gürcü millətinin milli mədəniyyətinin nümayiş olunduğu bayramdır. Bu bayramlarda zaman -zaman iştirak etmiş, dost gürcü millətinin sevincinə şərik olmuşam. Gürcüstanda 2009-cu ildən başlayaraq, hər il iyul ayının 26-da Dmanisinin Pantiani(Armudlu) yaylasında əsası "Borçalı" Cəmiyyəti tərəfindən qoyulan borçalı türklərinin Elat Mədəniyyəti günü - ELAT bayramı isə Gürcüstana vətən deyib orada yaşayan soydaşlarımızın milli mədəni özəlliyinin nümayiş olunduğu bayramdır". Bunu "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. O, əlavə edib ki, Dmanisoba bayramının mahiyyəti qorunduğu kimi Elat bayramı da toxunulmazdır: "Üç yüz min soydaşımızın milli, dini, kultürəl özəllikləri var, onu mühafizə etmək və inkişaf etdirmək də onun haqqıdır". Mədəniyyət təcavüzkar, aqressiv, dağıdıcı, bölücü ola bilməz. Çünki bu dəyər kiminsə icadı yox, Allahın topluma rəva gördüyü ruhani, toxunulmaz dəyərdir. Gürcü xalqı bu sadə həqiqəti bilir və zəngin mədəniyyət daşıyıcısı olan gürcülər ona dost olan bir başqa millətin, konkret halda borçalı türklərinin mədəniyyətinin zənginliyinə, onu nümayiş etdirmək haqqına ehtiramlı olmağa borcludurlar. İnanıram ki, belə də olacaq. Bu gün gürcü-türk dostluğunu istəməyən, Gürcüstan -Azərbaycan-Türkiyə strateji partnyorluğunu arzulamayan qüvvələrin fəallığı sezilməkdədir. Fitnə-fəsad cəhdləri var. Borçalı Türklərinin varlığını, mədəniyyətinin zənginliyini inkar etməyə və ya görməzliyə vuran siyasi dəllallar müqəddəs dostluq və qardaşlıq bayramı olan, artıq geniş coğrafiyalara səs salmış Elat bayramını mahiyyətindən çıxarmağa, toplumun mənəvi dünyasına müdaxilə kimi arzuolunmaz addımlar atmağa meylləniblər.
"Borçalı" Cəmiyyəti hər zaman Gürcüstan siyasi hakimiyyətlərini soydaşımızın adı ilə bağlı bu tədbirə sahib durmağa təkid edir, düşünürük ki, Gürcüstan oz həmvətənləri olan soydaşlarımızın mədəniyyətinə qucaq açmalıdır. İnanırıq ki, məhz 26 iyulda Gürcüstan siyasi hakimiyyəti "Borçalı" Cəmiyyəti ilə ortaq mövqeni bölüşəcək, çəkici bir yerə vuracaq, dostları sevindirib, düşmənləri məyus edəcəklər".