İsrail-Fələstin qarşıdurması: Niyə indi? Siyasət

İsrail-Fələstin qarşıdurması: Niyə indi?

HƏMAS-ın İsrailə hücümü nəticəsində baş verənlər, hazırda dünya mediasında ən çox müzakirə olunan mövzudur. Yaxın Şərqdə bitmək bilməyən qarşıdurmaya azərbaycanlı analitiklərin yanaşması bəllidir. Bəs xarici jurnalistlər və analitiklər bu barədə nə düşünürlər?

“Bloomberq”in köşə yazarı Con Auters hesab edir ki, HƏMAS-ın İsrailə hücumu kəskin reaksiya yaratmaq məqsədilə həyata keçirilib: “Ağla gələn ilk oxşarlıq 1991-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqı bombalamağa başlayanda Səddam Hüseynin İsrailə raket zərbələri endirməsidir. Səddam Hüseyn İsraili münaqişəyə təhrik etmək və bununla da ərəb xalqlarını öz tərəfinə çəkmək istəyirdi. İnci oxşarlıq isə 11 sentyabr 2001-ci ildə baş verən terror aktlarıdır. ABŞ bu dəhşəli hücuma cavab verməyə bilməzdi...

HƏMAS niyə indi hücum etdi? Məlumdur ki, yüksək neft qiymətləri həmişə bundan faydalananları cəsarətləndirir. Bundan əlavə, ABŞ indi yəqin ki, təhlükəsizlik zəmanəti müqabilində İsrail və Səudiyyə Ərəbistanı arasında ittifaq təşkil etməyə çalışır. Bu, ABŞ və İsrail üçün yaxşıdır, ərəb dünyasından təcrid olunmuş İran üçün isə dəhşətlidir. Beləliklə, İsraili İranla münaqişəyə sövq etmək və Səudiyyə Ərəbistanı ilə diplomatik sahədə əldə olunan nəticələri etmək vaxtı çatıb”.

“Financial Times”ın redaksiyası da Vaşinqton Səudiyyə Ərəbistanının İsraillə əlaqələrini normallaşdırmaq üçün göstərdiyi səyləri baş verənlərin stimullaşdıran amil kimi dəyərləndirir: “Şübhəsiz ki, bu, fələstinliləri marjinallaşdıran HƏMAS-ın hücumunun motivasiyasının bir hissəsi ola bilər. Digər tərəfdən, hücumun əhatə dairəsi onun aylarla, illərlə hazırlandığını deməyə əsas verir”.

“Vaşinqton Post” (The Washington Post) İsrail kəşfiyyatının hücumdan xəbərsiz olmasını fərqli bir konteksdən əsaslandırmağa çalışıb: “Kəşfiyyat uğursuzluqları heç vaxt sadəcə məlumat çatışmazlığından qaynaqlanmır. Bu daha çox məlumatların həmişə dəqiq təhlil edilməsinin və düzgün nəticə çıxarılmasının mümkün olmaması ilə bağlıdır. İsrail İranın və onun sponsorluq etdiyi HƏMAS-ın rəhbərlərinin aqressiya və nifrətindən xəbərdar idi. Hücumun gözlənilməzliyi çox güman ki, düşmənin fərasəti və bacarığının düzgün qiymətləndirilməməsi ilə bağlıdır.

Belə bir miqyasda təşkil edilmiş vəhşilik sözün əsl mənasında ağlasığmaz idi.

Necə ki, amerikalılar “Əl-Qaidə”nin təyyarələri göydələnlərə çırpacağını təsəvvür etmədikləri kimi, İsrail kəşfiyyatının analitikləri də Qəzza sərhədindəki divarın paraplanla keçiləcəyini düşünmürdülər. Düşünmürdülər ki, düşmən havadan, qurudan və dənizdən bir anda hücuma keçə bilər. Həmas və müttəfiqlərinin belə bir hücum barədə sirri saxlayacaqlarını gözləmirdilər...”

“The Wall Street Journal” hücumun arxasında, istisnasız olaraq İranın dayandığını iddia edir: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri şənbə günü hücumun planlaşdırılmasına cəlb edilib və HƏMAS və Hizbullahın yüksək səviyyəli rəsmiləri oktyabrın 2-də Beyrutda keçirilən görüşdə əməliyyata yaşıl işıq yandırıblar. İranlı strateqlər HƏMAS-ın hücumunu, hələ avqust ayından etibarən, həm Qəzzadakı yarımhərbi qruplarla, həm də Livan “Hizbullah”ı ilə razılaşdırıblar".

“Blomberq”in digər köşə yaşarı Mark Çempionun qənaətinə görə, 2001-ci ildə Əfqanıstanla ABŞ-da olduğu kimi, Netanyahunun indi girovları azad etmək üçün Qəzzaya qoşun göndərməkdən başqa seçimi yoxdur: “Ancaq yenə də bu işğalın növünü və əhatə dairəsini müəyyənləşdirə bilər. Qəzza zolağı 2 milyon nəfərdən ibarət dar bir şəhər zolağıdır və onun tam nəzarəti müharibənin ən qəddar və mürəkkəb formasını tələb edir. İsrail buna hazırdır, amma söhbət real olaraq əldə edilə bilən nəticələrdən gedirsə, o zaman bunu əvvəlcədən müəyyən etmək daha yaxşı olardı ”.

“Financial Times”ın redaksiyası isə hesab edir ki, “Hizbullah”ın müharibəyə qoşulması prosesi nəzarətdın çıxa biləcək eskalasiya ilə təhdid edir. İranın dəstəklədiyi Livan silahlı qruplaşmasının daha böyük raket ehtiyatı var və bu, İsrailin iki cəbhədə döyüşməsini çətinləşdirir. İordan çayının qərb sahilində gərginlik bir ildən artıqdır ki, təhlükəli şəkildə davam edir, işğal olunmuş ərazilərdə zorakılıqlar, demək olar ki, hər gün müşayiət olunur”.

İndi baş verənlərlə bağlı öz qənaətimi bölüşmək istəyirəm. Mənə görə, İranın himayə etdiyi və dəstək verdiyi “HƏMAS” terror təşkilatının mülki şəxslərə, xüsusilə də uşaqlara və qadınlara qarşı həyata keçirdiyi rəzil hücumun ərazi mübahisəsi kontekstində qarşıdurmaya heç bir aidiyyatı yoxdur. Bu, xüsusi amansızlıqla, ibtidai icma təfəkkürü və əxlaqı ilə həyata keçirilən genişmiqyaslı terror aksiyasıdır və ziyanı da bütün bölgəyə dəyəcək. Sözügedən genişmiqyaslı terror aksiyasının nə üçün indi baş verdiyinə gəldikdə isə bununla bağlı çoxsaylı ehtimallar irəli sürülə bilər. Bu ehtimallardan biri, daha çox qərb ekspertlərinin irəli sürdüyü mülahizə aksiyanın ABŞ-ın diqqətinin Ukraynadan yayındırılmasına xidmət etməsi ilə bağlıdır. Yəni bu yanaşmanın tərəfdarları hesab edirlər ki, İsrailə yardım etmək üçün ABŞ Ukraynaya hərbi dəstəyi məhdudlaşdıra bilər.

Dünyanın siyasi gündəmini zəbt edən, iki ölkə arasında baş verənlərə təkan olacaq müxtəlif versiyalar səsləndirilir. Onlardan, əsasən ikisi, zənnimcə daha inandırıcı görünür:

Birincisi, baş verənlərdə Rusiyanın əli var və Moskva Ukraynanı dəstəkdən məhrum etmək üçün Vaşinqtonu yeni çağırış qarşısında qoyur. İkicisi isə ABŞ Ukraynadan çəkilmək üçün yeni İsrail-Fələstin qarşıdurması yaradır.

Başqa bir ehtimal isə baş verənlərin İsraillə bir sıra ərəb dövlətləri arasında 2020-2021-ci ildə imzalanan “İbrahim razılaşması”nın pozulmasına xidmət edən təxribat versiyasıdır. Bu versiya çərçivəsində Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış razılaşmaları da nəzərdən keçirməyi vacib hesab edirəm. Qənaətimə görə, həm birinci, həm də sonuncu versiya “HƏMAS”ın hücumu ilə başlayan qarşıdurmanın qlobal geosiyasi ziddiyyətlər kontekstindən dəyərləndirməyə imkan yaradır.

Hər halda “HƏMAS”ın hücumu, 20 dəqiqə ərzində 500 raketin atılması və İsrailin dünyada ən mükəmməl hava hücumundan müdafiə sistemlərindən olan “Dəmir qübbə”nin yarılması, “MOSSAD” kimi yenə də dünyanın ilk üçlüyünə düşən kəşfiyyat strukturunun hücumdan xəbər tutmaması, İsrail ordusunun proseslərə müdaxiləsinin bir xeyli gecikməsi, “HƏMAS” terrorçularının etdikləri vəhşilikləri kütləvi şəkildə sosial şəbəkələrdə paylaşmaları baş verənlərin ətrafında kifayət qədər müəmmalı bir vəziyyət yaradır.

İndiki halda, hücumun çox mürəkkəb bir kombinasiyanın tərkib hissəsi olduğu söyləmək mümkündür və təəssüf ki, bu hələ başlanğıcdır. Ən azı yaxın 6 ay ərzində çox güman ki, dünya gündəmini İsrail-Fələstin qarşıdurması zəbt edəcək. Bir neçə aydan sonra qış ayları gələcək, enerjiyə olan tələbat artacaq və o zaman, böyük güclər son günlər yeni qlobal güc mərkəzinin formalaşdırlması – BRİKS-in gücləndirilməsi istiqamətində atılan addımlara qarşı adekvat tədbirlərin həyata keçirilməsi üçün vaxt qazanacaqlar.

“Azərbaycanın baş verənlərə münasibətində gəldikdə isə, ölkəmiz hər zaman olduğu kimi beynəlxalq hüququn fundamental prinsiplərini, BMT Təhlükəsizlik Şurasının İsrail-fələstin qarşıdurmasının iki dövlət prinsipi əsasında həllini əsas götürür, həmçinin sülhü təşviq edir. Zənnimcə, ən doğru yol da budur.

Elçin Mirzəbəyli