“Dağlıq Qarabağ beynəlxalq miqyaslı problemə çevrilib” Siyasət

“Dağlıq Qarabağ beynəlxalq miqyaslı problemə çevrilib”

Əli Qəmbərli: "Belə olduğu təqdirdə isə münaqişə ətrafında ayrı-ayrı dövlətlərin maraqları meydana gəlib"

Aprel dyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatik hərəkətlilik yenidən özünün passiv mərhələsinə qədəm qoymaqdadır. İşğalçı Ermənistanın mümkün qədər danışıqlar prosesindən yayınmaq cəhdi, buna nail olmaq üçün daxildə yaratdığı şouya təssüf ki, beynəlxalq səviyyədə hər hansı reaksiya da verilmir. Bu hal isə öz-özlüyündə danışıqlar prosesində yenidən passivlik yaradır. Bəs görəsən bu cür situasiya nə qədər davam edəcək və yaxın perspektivdə problemin həlli istiqamətində bir hərəkətlilik müşahidə ediləcəkmi? Bu və ya digər suallara aydınlıq gətirən politoloq Əli Qəmbərli bildirib ki, Dağlıq Qarabağ problemi artıq bir neçə ildir ki, əhatə dairəsinə görə regional müstəvidən çıxaraq, beynəlxalq miqyaslı problemə çevrilib: "Belə olduğu təqdirdə isə münaqişə ətrafında ayrı-ayrı dövlətlərin maraqları meydana gəlib. Azərbaycan dövlət olaraq problemin həll olunması istiqamətində əsas vasitəçi kimi, məhz ATƏT-i qəbul edib. Ona görə də, uzun illərdir ki, ATƏT-in Minsk qrupu bu problemin həll olunması istiqamətində səy göstərir. Lakin, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti problemin həll olunması üçün qənaətbəxş hesab oluna bilməz. Buna görə də, düşünürəm ki, burada fərdi təşəbbüsləri qiymətləndirmək lazımdır. Xüsusən də, hazırda Rusiya və Türkiyə münasibətlərində müsbət irəliləyiş problemin həlli istiqamətində önəmli ola bilər. Türkiyə və Rusiya arasındakı buzların əriməsində Azərbaycanın xüsusi rol oynadığını nəzərə alaraq, qeyd edə bilərəm ki, hazırda Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç zaman olmadığı qədər əlverişli zəmin yaranıb".
Onun fikrincə, əslində bir müddət öncə Ermənistanda yaranan vəziyyətin müxtəlif səbəbləri var: "Bunu təkcə Serj Sərkisyanın "şousu" adlandırsaq yanılmış olarıq. Ermənistanda yaranan vəziyyət əsasən maddi-sosial problemlərdən qaynaqlanırdı. Erməni əhalisi Sərkisyan hakimiyyətinin xalqı bərbad vəziyyətə gətirdiyinə görə ayağa qalxmışdı. Gün kimi aydındır ki, Ermənistan Azərbaycanla bağlı siyasətini dəyişməyənə qədər bütün regional layihələrdən təcrid olunacaq. Təbii ki, erməni əhalisi də bunu başa düşür ki, onun olmayan bir torpağa görə niyə mübarizə aparmalıdır?! Serj Sərkisyan özü də, bunu bilir. Onun təşvişinin səbəbi də, məhz bu idi. Bu hadisələr onun beynəlxalq aləmdə onsuz da az olan şəxsi nüfuzuna zərbə vurmaqla yanaşı, ona bir daha aydınlatdı ki, yaxın gələcəkdə Qarabağ məsələsində güzəştdən başqa çıxış yolu yoxdur".
O qeyd edib ki, burada Azərbaycan tərəfinin mövqeyi aydındır: "Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Əslində, bu illər ərzində Azərbaycan və Ermənistan prezidentlərinin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda dəfələrlə görüşləri olub. Lakin, erməni tərəfinin danışıqlar prosesində qeyri-obyektiv mövqeyi bu görüşlərin problemin həlli istiqamətində nəticəli olmamasına gətirib çıxarıb. Prezidentlər arasında növbəti görüş olacağı təqdirdə bu görüşün həlledici ola biləcəyinə inamım var. Çünki, regionun bugünki siyasi reallığı Ermənistanın əleyhinədir. Belə desək, Sərkisyanın artıq işlədəcəyi variant qalmayıb. Onun siyasətinə qarşı Ermənistanın daxilində də, təzyiqlər artıb".
Politoloqun fikrincə, Azərbaycan həqiqətən də, bu gün regional siyasi və iqtisadi mərkəzə çevrilib: "Hətta, bir çoxlarının düzəlməyinə şübhə etdiyi Türkiyə-Rusiya münasibətlərinin normaya düşməsinə məhz Azərbaycan töhfə verdi. Eyni zamanda, avqustun əvvəllərində Bakıda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşü baş tutdu. Təbii ki, prezidentlərin görüşü yeni siyasi, iqtisadi təşəbbüslərin reallaşması ilə nəticələnə bilər. Siyasi təşəbbüslər sırasında Dağlıq Qarabağ probleminin həlli aktual olaraq qalır. Əvvəlki dövrlərdən fərqli olaraq, hazırki siyasi reallıq da, bu məsələdə Azərbaycana təşəbbüskar ölkə kimi əlavə dividentlər verir. Düşünürəm ki, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması qarşıdakı mərhələlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində də mühüm rol oynaya bilər".