“Gülənçi”lər Azərbaycanda genişlənmiş forma almışdı” Siyasət

“Gülənçi”lər Azərbaycanda genişlənmiş forma almışdı”

Niyaməddin Orduxanlı: "Həmin şəbəkənin dövlət strukturlarından təmizlənməsi prosesinin şahidi oluruq"

Azər Həsrət: ""Gülənçi"lərlə vəhhabiləri birləşdirən amillər var"

Türkiyədə FETO-nun iş prinsipi ilə bağlı demək olar ki, hər gün maraqlı faktlar yayılır. Son məlumatlardan biri də FETÖ-nun istedadlı uşaqları necə tələyə salması barədə məlumat yayılıb. Təşkilat əvvəlcə səviyyə təyinetmə imtahanında uğurlu nəticə göstərən şagirdləri izləməyə başlayıb. FETÖ-nun tabeliyindəki müəllimlər müəyyənləşdirdikləri istedadlı və bacarıqlı uşaqların ailələri ilə tanış olmaq üçün onların evlərinə gedib. Bu üsulla ailələr ilə yaxın münasibət quran təşkilat üzvləri ailələri xaricdəki məktəblər haqda məlumatlandırıb.
Məktəblərin "7 ulduz"lu olduğunu deyən müəllimlər valideynlərə övladlarının dünyanın ən yaxşı universiteti hesab olunan Harvard Universitetində təhsil alacağını deyərək təsir ediblər. Beləliklə, Türkiyənin hər yerindən istedadlı uşaqlar Amerikaya aparılıb.
Şagirdlərin vizası çox qısa müddətdə hazır olub.
Bəzi ailələr 2013-cü il 17-25 dekabr hadisələrindən sonra övladlarının Amerikadan geri dönməsini istəyiblər.
Ancaq təqaüdçü olduğu bildirilən şagirdlərin ailələrinə böyük miqdarda borc hesabı çıxarılıb. Şagirdlərə böyük əmək sərf etdiklərini və o uşaqlar üzərində hədəfləri olduqlarını, bu səbəbdən də onları göndərməyəcəklərini ailələrə çatdırıblar.
Uşaqlarını FETÖ məktəblərindən uzaqlaşdıra bilən bəzi ailələrə "övladınız Türkiyədə oxumayacaq" kimi ismarıclar verilib.
Həmçinin Hakan Şükür və Enas Qantərin uşaqları təsir altında saxlamaq üçün təşkilatın evlərində yaşadıqları bildirilib.
Bütün bu faktorları nəzərə alsaq Azərbaycanda da bu hərəkatla bağlı ciddi araşdırmalara və tədbirlər görülməsinə ehtiyacın yarandığını deyə bilrərik.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri Niyaməddin Orduxanlı bildirdi ki, Azərbaycanda Fətullaçıların fəaliyyət göstərməsi və geniş vüsət alması faktı bu günün mövzusu deyil. Onun fikrincə, hələ 7 il qabaq , 2009-cu ildə Atatürk Mərkəzinin təşkilatçılığı ilə "Gülüstan" sarayına Heydər Əliyevlə bağlı tədbir təşkil olunmuşdu: "Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimlərini tədbirə dəvət etmişdilər. Mərhum Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin təblığatını aparırmışlar. Və buna həmin tədbirdə kəskin etiraz edən prezidentin köməkçisi Əli Həsənovla, BAXCP sədri Qüdrət Həsənquliyev olub. Hər ikisi bunun yolverilməz olduğunu qeyd etmişdilər. Bilisiniz ki, 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi". O əlavə edib ki, Prezidentin köməkçisinin bu cür mövqeyindən sonra "gülənçilər" fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar: "Bu cərəyanın təhlükəli olduğuna gəldikdə isə, dini istənilən cərəyana qatan cərəyan çox təhlükəli sayılır. Dini siyasətə qatmaqla öz marqlarına çatmaq istəyirlər. Və bu səbəbdən də dindən istifadə edirlər. Güllənçilər Azərbaycanda Prezident Adminstrasiyasına, Milli Məclisə, digər dövlət strukturlarına və müxalifət partiyalarına qədər genişlənmiş forma almışdı. Son dövrlər isə həmin şəbəkənin həm adminstrasıyadan, həm parlamentdən, həm də dövlət strukturlarından təmizlənməsi prosesinin şahidi oluruq".
Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, "gülənçi"lərlə vəhhabiləri birləşdirən amillər var: "Onlardan ən əsası hər ikisinin Qərbin kəşfiyyat xidmətləri tərəfindən təşkil edilməsi və idarə olunmasıdır". Onun sözlərinə görə, hər iki hərəkatda İslam dini sadəcə maskadır: "Əslində onların heç birinin gerçək İslam dininə dəxli yoxdur. Bu hərəkatların hər ikisi yayıldıqları ərazidə insanları və özəlliklə də dövləti nəzarət altına almağı əsas məqsəd sayır. Təbii ki, Qərbin kəşfiyyat xidmətlərinə bağlı olduqları üçün oradan gələn tapşırıqları da sözsüz yerinə yetirirlər. Bu baxımdan gülənçilərlə vəhhabilərin işbirliyi məni təəccübləndirmir".