“Ermənistanda baş verənlər gözlənilən hadisələrin məntiqi davamıdır” Siyasət

“Ermənistanda baş verənlər gözlənilən hadisələrin məntiqi davamıdır”

Zərdüşt Əlizadə: "Ermənistan siyasi elitası hakimiyyəti əldə saxlamaq üçün müxtəlif variantları sınaqdan keçirir"

Ermənistan siyasi elitası çalxalanır. Bunu deməyə İrəvandan gələn xəbərlər əsas verir. Artıq baş nazir Ovik Abramyan Nazirlər Kabinetində vida görüşü keçirib və istefasını açıqlayıb.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan ölkə hökumətinin istefaya getdiyini bildirib.
Bu barədə Koçaryan jurnalistlərə açıqlamasında məlumat verib.
Baş nazir Ovik Abramyanın istefası barədə jurnalistlərin sualını cavablandıran Koçaryan deyib: "Mənim şəxsi hisslərim burada bir o qədər də önəm daşımır. Hökumətin istefaya getdiyi elan edildiyi üçün bu gündən bütün nazirlər vəzifələrini müvəqqəti icra edirlər. Hökumətin yeni tərkibi formalaşdıqdan sonra prosesləri şərh etmək olar".
Ermənistanın xarici işlər nazir postuna Prezident Aparatının rəhbəri Viqen Sarkisyanın gətiriləcəyi barədə xəbərlərə münasibət bildirən Koçaryan bəyan edib ki, bu barədə yalnız onun namizədliyi təsdiq olunduqdan sonra danışmaq olar. Erməni mətbuatı iddia edir ki, bütün bunlar Serj Sarkisiyanın iradəsi və istəyi əsasında baş tutur. Çünki Ermənistan referendumla parlamentli respublika üsul-idarəsinə keçid edib. 2018-ci ildə Serj Sarkisyanın prezidentlik müddəti başa çatacaq. İndi siyasi elitada aparılan təmizləmə Sarkisyanın 2018-ci ildə daha rahat baş nazir kreslosunda oturmasına hesablanan addımlar ola bilər. Bu müddətdə isə yeni baş nazir Karen Karapetyan olacaq. Karapetiyan İrəvanın keçmiş meridir, habelə "Qazprom" şirkətinin İrəvandakı törəmə şirkətinin prezidentidir. Başqa sözlə, yeni baş nazir həm Sarkisyanın, həm də Kremlin etimad etdiyi şəxsdir.
Ermənistanda baş verən siyasi dəyişiklikləri politoloq Zərdüşt Əlizadə şərh edib. O hesab edir ki, Ermənistanda baş verənlər gözlənilən hadisələrin məntiqi davamıdır: "Ermənistan siyasi elitası hakimiyyəti əldə saxlamaq üçün müxtəlif variantları sınaqdan keçirir. Bura çevrilişlər, əks-çevrilişlər, ikinci və üçüncü şəxslərin dəyişdirilməsi, qanunvericilik təşəbbüsləri, cəmiyyət üzərində dövlət nəzarətinin gücləndirilməsi, Rusiyanın tələblərinin sözsüz yerinə yetirilməsi və s daxildir. Erməni siyasətinin özəlliyi ondan ibarətdir ki, dövlət bu formada idarə edilir. Xarici ağaların bütün əmrləri dərhal və şərtsiz yerinə yetirilir. Ancaq elə göstərişlər ola bilər ki, erməni hakimiyyəti bunu yerinə yetirərkən hakimiyyətini itirə bilər. Bu daha çox Qarabağ məsələsi ilə bağlıdır. İrəvanda hakimiyyətdə oturanlar bu məqamı da gözəl başa düşür".
Zərdüşt Əlizadə deyir ki, baş nazir Ovik Abramyanın istefası prezident Sarkisiyanın göstərişi ilə həyata keçirilir: "Ermənistanda da avtoritar sistemdir. Orada prezident seçkilərinin keçirilməsi, qanunvericilik təşəbbüsü prezidentdən gəlir və əsas qərarı bir adam verir. Bu da Sarkisiyandır. Abramyan da oliqarxdır, onun getməsi haqqında işlər aparılırdı. İndi bu prosesi başa çatdırırlar".
Politoloq deyir ki, indi Ermənistanda sosial vəziyyət pisdir: "Aprel döyüşləri, İrəvanda polis idarəsinin tutulması və digər hallar göstərir ki, böhran davam edir. Erməni hakim elitası da böhrandan çıxmaq üçün layiqli cavab tapa bilmir. Üstəlik Ermənistanda konstitusiya islahatları aparıldı, guya bu ölkə parlamentli respublika quruluşuna keçid edir. İndi bütün səlahiyyətlərə malik olan prezident Sarkisiyan Respublika Partiyasının imkanlarından istifadə edərək, əsas parlament xadiminə çevriləcək, baş nazir vəzifəsini tutacaq və yenidən əsas fiqur olacaq. Ancaq mahiyyət baxımından Ermənistan indiki kimi qalacaq".
Xarici işlər naziri Edvard Nalbandiyan, müdafiə naziri Seyran Ohaniyan, habelə Gömrük Komitəsinini, Energetika, səhiyyə və kənd təsərrüfatı nazirlərinin istefa verəcəyinə gəldikdə Zərdüşt Əlizadə deyir ki, bu baş verə də, verməyə də bilər: "İndilikdə erməni mediası bu haqda xəbərlər yayır. Nəzərə almaq lazımdır ki, sistem qapalıdır, bir nəfərdən asılıdır. Kimlərin istefaya göndərilməsi qərarını ancaq bir nəfər və çox qapalı mühitdə verir. Bəzən hansısa nazirin istefaya göndəriləcəyi haqda yazılar gedir, amma həmin nazir yerində möhkəm əyləşərək işini davam etdirir. Təbii ki, problemləri həll edə bilməyən hakim zümrə öz komanda üzvlərinin bir neçəsini dəyişə bilər. Ancaq bütövlükdə hakimiyyət sıx birləşib və Ermənistan kimi yağlı tikəni əldən vermək niyyətində deyil".
Zərdüşt Əlizadə deyir ki, baş verənlərdə Dağlıq Qarabağ münaqişəsinin təsiri yoxdur: "Qarabağ münaqişəsinin mahiyyətini aydın anlamaq lazımdır. Birinci, Ermənistanda dəyişiklik Qarabağ münaqişəsinin taleyinə təsir edə bilməz. Erməni xalqı şüurlu və ya şüursuz şəkildə özü üçün qəfəs tikib. Bu beyinlərdəki lazımsız əsatirlərdən ibarət qəfəsdir. Xalq qəfəsin içərisində əyləşib. Qəfəsin tavanı, döşəməsi, divarları poladdandır. Xalq bu qəfəsdə əyləşib və azadlıq imkanı yoxdur. Yəni azad qərar qəbul etmək, azad siyasət aparmaq şansı yoxdur. Mahiyyətdə isə bu bir qarmaqdır, Rusiya bu qarmağı Kremlin divarından asıb. Rusiya da qarmağı çıxarmaq niyyətində deyil. Münaqişənin həlli üçün birinci addım kimi Ermənistanda anti-türk xülyasından imtina edilməli, Azərbaycanda isə başa düşülməlidir ki, "xalqların əbədi düşmənçiliyi" anlayışı yoxdur. Fransızlarla-ingilislər 300 il düşmən oldular, sonra barışdılar, almanlarla-fransızlar 100 ildən çox düşmən oldular, sonda barışdılar".