İran erməniləri Azərbaycan əleyhinə iş aparır Siyasət

İran erməniləri Azərbaycan əleyhinə iş aparır

Ararat qrupunun əsas məqsədi Tehran-Bakı əlaqələrinə zərbə vurmaqdır

Ermənilər indi də İranda Azərbaycan əleyhinə iş aparmağa başlayıblar. Məlumata görə, bu fəaliyyətdə İranda ermənilərə məxsus olan Qara Kilsə və "Ararat" erməni qrupu xüsusi rol oynayır. Azərbaycanın İrandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Əliyar Səfərli deyir ki, ermənilər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonundadakı qızıl mədənlərindəki daşları da İrana aparırlar: "Hər gün onlarla maşında üzəri qızıl laylarla örtülü daşlar ermənilər tərəfindən İrana daşınır. Ümumiyyətlə, ermənilər İranla bağlı çox böyük işlər aparırlar. Onlar İran ərazisində Azərbaycana qarşı təxribat əməllərinə əl atırlar. Bu təxribat əməllərinin başında isə İranda ermənilərə məxsus olan Qara Kilsə dayanır. Şər, şeytan yuvası olan Qara Kilsədə hər il iyunun 26-da ermənilərin ayini keçirilir. Onlar hər il qeyd edilən vaxt Qara Kilsədə yığılaraq dini ayin altında Azərbaycan əleyhinə təxribat işləri həyata keçirirlər. Dini ayindən sonra ermənilər Qara Kilsəni tərk edir və növbəti mərhələ üçün nəzərdə tutduqları təxribat əməllərinin icrasına start verirlər. Həmçinin Ararat qrupu da təxribat yuvasıdır və onun fəaliyyəti yalnız Azərbaycana qarşı yönəlib. Ararat qrupunun əsas hədəflərindən biri Azərbaycanla İran arasındakı əlaqələri pozmaqdır. Ararat qrupu maksimum dərəcədə çalışır ki, iki ölkə arasında münasibətlərə zərbə vursun və bu məqsədlə də müntəzəm olaraq təxribatçı hərəkətlərə əl atır. Mən özüm İranda səfir işləyən zaman bu fəaliyyəti yaxından müşayət etmişəm". Əliyar Səfərli bir müddət əvvəl Azərbaycanın ustad şairi Məhəmmədhüseyn Şəhriyarla bağlı keçirilən konfransa dəvət edilməməsindən də gileylənib: "Bir müddət əvvəl Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda ustad şairimiz Məhəmmədhüseyn Şəhriyarla bağlı konfrans keçirildi. Məlumat üçün qeyd edim ki, ustad şairimizlə bağlı artıq üçüncü dəfədir ki, belə konfrans keçirilir. Təbii ki, Şəhriyarın həyatı, onun yaradıcılığı barədə belə bir toplantıların keçirilməsi təqdirəlayiqdir. Amma təssüflər olsun ki, həmin konfrans və toplantılara Azərbaycanın İranda fəaliyyət göstərmiş keçmiş fövqəladə və səlahiyyətli səfiri kimi məni dəvət etmirlər. Mən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olduğum halda nə üçün Məhəmmədhüseyn Şəhriyarla bağlı keçirilən konfransa dəvət edilməməliyəm". Sabiq diplomat deyir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Nizami adına İnstitutda Cənubi Azərbaycan şöbələri olsa da, həmin intitutlar yalnız 5-6 adamdan ibarətdir və orada heç bir işlər görülmür: "Hesab edirəm ki, həmin qurumların fəaliyyəti, gördüyü işlət intensivləşməlidir. Güney Azərbaycanda çoxsaylı alim və mütəfəkkirlərimiz, ziyalılarımız var ki, onların əsərləri, kitabları çap olunmalıdır". Əliyar Səfərli Cənubi Azərbaycandan olan gənclərin gəlib Bakıda ali təhsil ala bilmədiklərini də təssüf hissi ilə qeyd edib. O, bildirib ki, həmin gənclərə Azərbaycanda təhsil almaq üçün imkan yaradılmadığından onlar da məcburiyyət qarşısında qalaraq ali təhsil almaq üçün Türkiyəyə, hətta Ermənistana üz tuturlar: "Mənin səfir olduğum zaman da Cənubi Azərbaycandan olan gənclər ali təhsil almaq üçün Ermənistana gedirdilər. Bu gün həmin tendensiya davam edir. Eyni zamanda İranda yaşayan soydaşlarımız istirahət etmək məqsədilə Ermənistana səfər edirlər".