“Ermənistan danışıqlara fasilə verib” Siyasət

“Ermənistan danışıqlara fasilə verib”

"Ermənistan regionda sülhün konstruktiv şəkildə əldə olunması və münaqişənin həlli işindən tamamilə uzaqdır".
Bu barədə Azərbaycanın ATƏTyanındakı Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının 1114-cü iclasında Ermənistan nümayəndə heyətinin çıxışına cavab bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Ermənistan Azərbaycana qarşı işğal siyasəti həyata keçirərək, kütləvi şəkildə etnik təmizləmə apararaq, Xocalı faciəsi kimi cinayətlər törədərək münaqişəni hazırkı vəziyyətə gətirib və bu ölkənin insan haqlarından danışması qəribə səslənir: "Aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda iki yüksək səviyyəli görüş keçirildi. Hər iki görüşün nəticəsi substantiv və nəticə verən danışıqlara qoşulmaqla bağlı razılıq oldu. Biz belə başa düşürük ki, Ermənistan fasilə verib, buna görə də danışılar dayandırılıb. Ermənistan tərəfi spekulyativ çıxışlar əvəzinə, öz əhalisini Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxmasına hazırlamalı və digər siyasi məsələlərin həllinə şərait yaratmaq üçün münaqişənin əsas nəticələrini aradan qaldırmalı idi. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin ofisinin genişlənməsinə gəldikdə, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini bir neçə dəfə bildirib və biz öz təkliflərimizi ATƏT-dəki Almaniya sədrliyinə və həmsədr ölkələrə təqdim etmişik. Ermənistan ATƏT çərçivəsində yeganə ölkədir ki, öz müqəddəratını təyinetmə prinsipinin yüz minlərlə insanın hüquqlarının birtərəfli şəkildə pozulması olduğunu düşünür. Azərbaycan bu məsələləri qaldırmağa davam edəcək".