“Azərbaycanın inkişafını təmin edəcəyəm” Siyasət

“Azərbaycanın inkişafını təmin edəcəyəm”

Prezident İlham Əliyev: "Heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz"

"Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".
Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib. Dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq təşkilatda Azərbaycana bir daha dəstək nümayiş etdirilib: "Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb, kontakt qrupu artıq işə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur".

"Avropa Parlamenti təəssüf edir"

Azərbaycan Prezidenti bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır: "Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamentitərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur".


"Heç kimdən çəkinmirik"

Prezident İlham Əliyev deyib ki, biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik:
"Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik".

"Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir"

Azərbaycan prezidenti 2016-cı ilin dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu xatırladıb: "Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir".
O bildirib ki, bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir: "Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran həmin ölkələrə də mənfi təsir göstərir. 2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatıb. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir".
Prezident İlham Əliyev Avropanın miqrant böhranı yaşandığını xatırladıb: "Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da əlbəttə ki, əgər belə demək mümkündürsə, bu ilin əlamətidir və sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir".
Dövlət başçısı qeyd edib ki, miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: "Bu, ilk növbədə onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyl davam etsə, həmin partiyalar hakimiyyətə gələcəklər. Ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil. Beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm də dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq. Üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var".

"Hansı Avropaya inteqrasiya etməliyik?"

Qlobal inteqrasiya proseslərinə diqqət çəkən Prezident İlham Əliyev Azərbaycanın öz yolu, öz yanaşması oldunu deyib: "Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıb. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik".
Prezident İlham Əliyev bildirib ki, biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik: "Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa ŞurasıParlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar".
Prezident İlham Əliyev Azərbaycanda sentyabrın 26-da keçirilən referendumun əhəmiyyətindən də söhbət açıb: "Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. Referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilib".
Dövlət başçısı deyib ki, yüzdən çox xarici müşahidəçi referendumu izləyib: "Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçiriblər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olub. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapıb".

"Bizim siyasətimizə alternativ siyasət yoxdur"

Prezident İlham Əliyev bildirib ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər: "Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər. Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma "Hə" dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi. Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur".
Dövlət başçısı qeyd edib ki, alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər: "Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda "Hə" dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz".

Prezident süni qiymət artımına qarşı tapşırıqlar verib

Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: "Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi ilə başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır".
Prezident İlham Əliyev 2016-cı ildə ölkədə bir sıra işlərin aparıldığı və onların artıq nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ölkə başçısı Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Gələn ilin dövlət büdcəsinin yenə də sosial yönümlü olmasının vacibliyini vurğulayan dövlət başçısı bununla belə investisiya yönümlü layihələrin icrasının da diqqət mərkəzində saxlanmasının zəruriliyini qeyd edib.
Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını verərkən vurğulayaraq bildirib ki, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.
Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağının əminliyini ifadə edib.