“Terrorizmə qarşı mübarizə plansız aparıldığından terrorçuluq qloballaşır” Siyasət

“Terrorizmə qarşı mübarizə plansız aparıldığından terrorçuluq qloballaşır”

Şəmsəddin Əliyev: "Bu cəhətlər müasir dövrün nüvə, kimyəvi və bakterioloji silahlardan istifadəni istisna etmir"

"Terrorizmə qarşı mübarizə plansız aparıldığından terrorçuluq qloballaşır, peşəkarlaşır və ekstremist ideyalarla möhkəmləndikcə həyasızlaşır, beynəlxalq xarakterə malik özünə xas cəhətlərini əks etdirir. Bu cəhətlər müasir dövrün nüvə, kimyəvi və bakterioloji silahlardan istifadəni istisna etmir". Bu fikirləri "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib. Onun sözlərinə görə, inamına görə hər bir müsəlman, aləmlərin Rəbbinə olan münasibətini öz düşüncəsi və təfəkkürü daxilində müəyyən edir: "Lakin düşündüyünü psixoloji və fiziki zor tətbiq etməklə başqasına diktə etmək küfürlükdür. Azərbaycan Respublikasının Konstitusiyası dində zorakılığı rədd edir. "Hər kəs istədiyi dinə etiqad edə və yaxud, ondan imtina edə bilər" - müddəası diqqət çəkir".
Birlik rəhbəri qeyd edib ki, Çeçenistanda "müsəlmanların tətili" kimi uzun illər davam edən müharibə terror xislətli subyektlərin öz qanunlarına uyğun yaşamaq istəklərinin bariz nümunəsi idi. Rusiyada yaşayan Çeçen gəncləri də, həmin yazılmamış qanunlara sədaqət göstərərək həmrəylik və birlik nümayiş etdirir, ağır hadisələrə razılıq verirdilər. İslam isə əsl həmrəyliyin və birliyin tərəfdarıdır, riyakarlığı, insanlığa zidd sağlam təfəkkürə sığmayan əməlləri, haqsızlıqları qəbul etmir. ABŞ-da 11 sentyabr məlum terror aktından sonra İordan çayının qərb sahilindəki fələstinlilər ərəb gənclərindən ibarət tərkibdə nümayişlər keçirib, bir-birilərini qisas almaqda təbrik etməklə, kütləvi insan qırğınına sevinclərini, əllərində dünyanın bir nömrəli terrorçusu Usama Bin Ladenin portretini qaldıraraq törətdikləri faciəyə dəstək olduqlarını nümayiş etdiriblər. Bu da, bir cür səfehlikdir, Allaha, Onun yaratdıqlarına, islam nəzəriyyəsinə qarşı çıxmaqdır. Obyektiv varlığı inkar edən və onu dərk edə bilməyən belə şəxslərdən başqa nə gözləmək olar? Əfqanıstandakı "Taliban hərəkatı" da bu qəbildəndir. Müxtəlif güc sahibləri məqsədlərinə çatmaq üçün "danışan alətlərin" imkanlarından yararlana bilirlər. Belə sərsəmlər ABŞ-dan, Səudiyyə Ərəbistanından, Pakistandan dəstək alır, əməllərini peşimançılıq çəkmədən davam etdirirlər. Talibanlar sərt, islama sığmayan şəriət normaları ilə hərəkət etməyə başlayırlar. Qızlar örtülməli, evdə oxumalı, kişilər saqqal saxlamazsa deməli, islamın düşmənləri ilə əlaqələri var - deyə hərəkət edirlər. Narkotikaya yox! - desələr də, sonralar həmin vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlə silah -sürsat alır, miqyasını genişləndirirlər".

O əlavə edib ki, bir neçə il Belçikada "Kommunist məntəqəsi" adı altında dörd nəfərdən ibarət terror qrupunun şəhəri gərginlikdə saxlaması, Çeçenistanda "partizan terror qruplarının" fəaliyyəti terrorçuluğa qarşı təşkil edilən birgə mübarizənin sönüklüyünün nəticəsi idi: "Yenə dağıntılar, kütləvi qırğınlar var və hələ olacaq. Vətəndaşların asudə vaxtlarını necə keçirmək, sosial problemlərin həlli və təhsilin davamlı inkişafı üçün dövlətlər tərəfindən məqsədyönlü iş görülməli, məşğulluq yerləri açılmalı, sosial obyektlərin inşasına imkan verilməlidir. Rusiyanın siyasi analitikləri "Çeçen terrorunu" Kremlin səhv, acı və təəssüf doğuran müqəvva siyasətinin nəticəsi kimi görürlər. Oradakı faciələrin ssenarisi Yeltsin və Qarbaçov politikasının bəhrəsidir - deyə vurğulayırlar... General Dudayevə Rusiyanın 53-min ədəd avtomat silahları, hərbi sursat, yüzlərlə tankı, BTR-ləri miras qaldı. Faktiki olaraq Çeçen şəcərəsinin gənclərindən ibarət diplomatları olmasa da, onların hər biri istənilən hərbi texnikanın və sursatın dilini, ondan istifadə qaydalarını yaxşı bilir və bu imkanlardan istifadə edərək dinc rus əhalisinə qarşı istifadə edirlər. "Xəmir hələ çox su aparacaq"! Bu dünya düzənində yarıtmaz siyasətin meyvəsidir. Çeçenistanın, dağılmış Suriyanın, İraqın, Liviyanın və dağılmaqda olan digər ölkələrin çoxlu sayda kişi ordusu ərsəyə gəlir. Bu ölkələrin əksəriyyətində iqtisadiyyat dağılmış, mədəni, nadir, tarixi abidələr və təhsil ocaqları yerlə yeksan olunmuşdur. Dinc əhali qaçqınlar ordusuna çevrilmiş, onları adam saymayan dövlətlərə sığınmağa məcbur olurlar. Kimdir günahkar? Cavabı zamanı gələndə sorulacaq. O insanlar, iş almasa da, yaşamaq uğrunda, ölməmək üçün mübarizə aparacaqlar, maliyyə mənbəyi arayacaqlar və tapacaqlar, qisas alacaqlar. Onlara dəstək verən bir mənbə də artıq tapılıb - islam radikallığı. Bu olmasaydı, başqa bir mənbə tapacaqdılar. Məsələn, çeçenlər əvvəllər neft oğurluğu və insanları girov götürməklə maliyələşirdilər, indi onlara baxanlar var".
Onun sözlərinə görə, terrorçuluq müasir dünyanın yeni münaqişə tipidir: "BMT-nin Təhlükəsizlik Şurasının 23 sentyabr 2001-ci ildə qəbul etdiyi 1373 saylı qətnaməsində qeyd edilir ki, terrorçuluq transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, odlu silahların qanunsuz dövriyyəsi, nüvə, kimyəvi və bioloji (kütləvi) qırğın silahlarının qanunsuz daşınması ilə sıx bağlıdır. Terrorçuların texniki təchizatına bəzi dövlətlər tərəfindən qeyri aşkar dəstək verilməsi halları artır. Öz çirkin niyyətlərinə çatmaq üçün terror təşkilatları internet şəbəkəsindən, radio və televiziyadan geniş istifadə edə bilirlər. Beynəlxalq aləmdə terrorçuluğun təhlükəliliyi onunla ölçülür ki, artıq hamılıqla tanınmış qaydalara və dövlətlər arası münasibətlərin inkişafı üçün xüsusi təhlükə var: "İstənilən beynəlxalq xarakterli terror aksiyası ən azı iki dövlətin maraqlarına qəsd edir. Ona görə də terrorçuluğa sədd çəkmək üçün dövlətlər arasında ikili standartlardan uzaq əməkdaşlığın eskalasiyası genişlənməli, BMT-nin normaları, beynəlxalq hüququn prinsipləri işləməli, danışan alətə çevrilməməlidir. "Dəstək bazarı" bağlanmasa səmərə gözləməyə dəyməz. Terrorizmlə bağlı məsələ ilk dəfə Millətlər Liqasında 1934-cü ildə müzakirə edilmişdir. Həmin ilin oktyabrın 9-da Marseldə Yuqoslaviya kralı I Aleksandırın və Fransanın Nazirlər Kabinetinin sədri Lui Baktun öldürülməsi ilə terror cinayətlərinin özülü qoyuldu. Uzun illər beynəlxalq terrorizm başlanğıcda müxtəlif dövlətlər arasında mübarizə alətinə çevrilmiş, adi müharibələrin alternativi, ekvivalenti kimi bir dövlət, digər dövlətə qarşı terrorçulardan istifadə etmişlər. Təhlükənin dərəcəsi və miqyasına təsir edən faktorlardan biri də beynəlxalq normaların imperativ xarakterə malik olmaması, bəzi dövlətlərin dominantlığı, habelə distant idarəçilik metodlarından istifadə edilməsidir".