Ermənilərə böyük güzəşt Siyasət

Ermənilərə böyük güzəşt

Qarabağa nə nəzərdə tutulur?

Artıq Dağlıq Qarabağ prosesində bir hərəkətlilik var. Bu məsələdə Türkiyənin rolu danılmazdır. Bununla yanaşı, son zamanlar Azərbaycanın Rusiya ilə əlaqələri də fəallaşıb. Bu, açıq şəkildə aparılmır, qapalı diplomatiya vasitəsilə həyata keçirilir.

Bu barədə sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq ölkə başçısının Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağ probleminə toxunmasını indiki halda təbii sayıb:

"Çünki problemin həlli Rusiyadan asılıdır. ABŞ-ın başı hazırda Suriyaya qarışıb və Rusiya ilə də münasibətlər getdikcə gərginləşir. Bir-birinə qarşı duran dövlətlərin ikisinin də birdən hər hansı məsələnin həllində iştirakı mümkünsüzdür. Yalnız Rusiya təkbaşına Qarabağ məsələsini obyektiv və BMT-nin 4 qətnaməsi çərçivəsində həll edə bilər. Azərbaycan da məhz bunu tələb edir. Əlbəttə, Ermənistanın niyyətləri tamamilə beynəlxalq hüquqa ziddir. Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtar status verməyə hazırdır".

Politoloqun sözlərinə görə, Azərbaycanın verə biləcəyi ən yüksək muxtar statusda bunlar ola bilər: "Birincisi, Dağlıq Qarabağ erməniləri özləri öz büdcələrini müəyyənləşdirə bilərlər. Əlbəttə, onların büdcələrinə Bakıdan müəyyən dotasiyalar da ola bilər.

İkincisi, Dağlıq Qarabağ erməniləri özlərinin polis sistemini yarada bilərlər.

Üçüncüsü, onlar xaricdə öz nümayəndəliklərini aça bilməzlər, bu, yalnız Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə mümkündür.

Dördüncüsü, Dağlıq Qarabağ erməniləri Azərbaycan parlamentində iştirak hüququ qazana bilərlər.
Beşincisi, onlar Azərbaycan mərkəzi hakimiyyət orqanlarında vəzifə tuta bilərlər.

Əslində, nəzərdə tutulan bu güzəştlər dünyada ən yüksək muxtar status deməkdir".

Q.Hüseynli vurğulayıb ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar status müqabilində hər şey yalnız bunlarla bitməyəcək, Azərbaycan bölgənin regional inkişafı üçün mühüm layihə və planlar da həyata keçirəcək:"Dağlıq Qarabağ muxtar qurumu və orada normal münasibətlərdə yaşayacaq erməni və azərbaycanlı sakinlər faktiki olaraq Azərbaycan kimi varlı bir ölkədən dotasiya almaqla, rifahlarını təmin edə bilərlər və yoxsul, əhalisi azalan, bir dövlət kimi müstəqilliyini çoxdan itirmiş Ermənistandan asılı olmazlar. Yəni rəsmi Bakının təklif etdiyi muxtar status Dağlıq Qarabağ erməniləri üçün çox faydalı, rasional, praqmativ və beynəlxalq hüquqa söykənən ən böyük güzəştdir. Ancaq əlbəttə ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi də yurd-yuvasına qayıtmalıdır və bu üstünlükdən onlar da yararlanmalı, yerli özünüidarəetmədə təmsil olunmalıdırlar".
Politoloq qeyd edib ki, Azərbaycan artıq öz kompramisini, güzəştini ortaya qoyub: "Düzdür, Rusiya fərqli mövqe tutur, Dağlıq Qarabağa keçici status verilməsi, bölgədə rus hərbi kontingentinin yerləşdirilməsi kimi zidd variantlar irəli sürür. Ancaq Azərbaycan öz suverenliyindən bir addım belə geri çəkilməyəcək. Avrasiya İttifaqına, hətta lazım gəlsə, KTMT-yə də daxil olmaq haqqında fikirləşə bilərik, bir şərtlə ki, Azərbaycan ərazi bütövlüyü təmin edilir, ermənilər Dağlıq Qarabağdan çıxarılır və iki ölkə arasında normal münasibətlər yaradılır. Biz yalnız bundan sonra Ermənistanla eyni blokda yer almağa razılıq verə bilərik. Ölkə başçısının Dağlıq Qarabağ probleminin həllinə dair görüşləri ondan xəbər verir ki, gec-tez göstərilən hədəflərə nail olacağıq".

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Irəvan konfransında və ardınca, Hindistan səfərində Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanması prosesində və bir daha kompromisin vacibliyini qeyd etdi:"Hazırda, danışıqlar müəyyən kanallarla Rusiya ilə aparılmaqdadır. Prezident İlham Əliyev Rusiyanın Sputnik telekompaniyasına verdiyi açıqlamada, Qarabağ münaqişəsinin həllini və ətraf rayonları boşaltmaq şərti ilə Qarabağa muxtar respublika verilməsini kompromis kimi, Putinin kompromis çağırışına diplomatik cavab vermiş oldu. Bundan artıq, kompromis isə Azərbaycanın dövlətçilik əleyhinə və ərazi bütövlüyünə zidd olan məqamlar ola bilər. Artıq, ərazi bütövlüyü çərçivəsində, Qarabağa ən yüksək səviyyədə muxtar respublika vədi, ermənilərə verilmiş ən unikal kompromisdi. Ermənistan isə şərt olaraq, Qarabağda referendum ideyasını irəli sürür və Rusiyada dolayı yolla Ermənistanın bu, şərtini dəstəkləyir. Putinin kompromis ideyasıda ermənilərin şərti ilə üst-üstə düşməkdədir. Buna görə münaqişənin həlli uzanmaqdadır. Hazırda, Rusiya Azərbaycanı qəfil hərbi əməliyyatlardan çəkindirmək üçün Ermənistana "İsgəndər-M" reaktiv-taktiki raketlər, ardınca uzaq vuran artilleriya sistemləri, hücum əmıliyyatları üçün yeni silahlar ötürməkdədir. ABŞ-da Ermənistana Azərbaycanın mövqelərini nəzarətdə saxlamaq üçün kəşfiyyat -müşahidə sistemləri veribdir. Minsk Qrupunun iki həmsədri, Azərbaycanı mümkün əməliyyatlardan yayındırmaq üçün çalışmaqdadırlar. Regionda geosiyasi proseslər dərinləşir, Ermənistanın işğalçı siyasəti və silahlanması, Qərbin Cənubi Qafqazda, Qərbin enerji siyasəti təhlükəsizliyini və sabitliyi riskə atmaqdadır. Türkiyənin və Rusiyanın Qarabağla bağlı danışıqları, sadəcə Rusiya tərəfindən bir siyasi gedişdir. Rusiya Türkiyəni Cənubi Qafqazda mühüm siyasi proseslərin həlində uzaq tutmaqdadır. Türkiyə, Suriya və İraqda ciddi problemlərlə üzləşib, orada hərbi əməliyyatlar aparmaqdadır. Bu, problemlərin içində Türkiyə Cənubi Qafqazda hələ fəal aktiv siyasət aparmayacaq".
Qeyd edək ki, prezident İlham Əliyev dünən "Sputnik"ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkünlüyünü dilə gətirib və bunun muxtar respublika formasında ola biləcəyini açıqlayıb.