“Yeni ixrac marşrutu təklif edirik” Siyasət

“Yeni ixrac marşrutu təklif edirik”

Prezident İlham Əliyev: "Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək"


"Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu sahədə də imkanlar nəzərdən keçirilməlidir: "Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik".
Prezident İlham Əliyev bildirib ki, turizm sahəsində Xorvatiyanın çox böyük təcrübəsi var: "Dünən müzakirəmiz zamanı Xorvatiya prezidenti mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də Azərbaycanda turizmi inkişaf etdirmək əzmindəyik. Turizm bizim üçün ənənəvi sektor olmayıb, amma artıq şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də turizmi genişləndirməkdə maraqlıyıq. Artıq turistlərin sayında artım müşahidə edirik. Bu da forumda müzakirə mövzusu ola bilər".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: "Biz böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri ilə bağlı da müzakirələr aparıla bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələ var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə qoyuluşu və Azərbaycan şirkətlərinin Xorvatiyada layihələrdə iştirakı məsələləri də bizim üçün olduqca maraqlıdır".
Enerji siyasətindən söz açan prezident İlham Əliyev deyib ki, bu da birgə gündəliyə daxil olan məsələdir: "Azərbaycan və Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Adriatik dənizində kəmərin inşası bizə imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olaq. İmkan yaranacaq ki, bu ölkələr də Azərbaycandan təbii qaz alaraq yeni mənbə əldə etsin. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trliyon kub/metrdir. Lakin Azərbaycanın təbii qaz ehtiyatları daha da artacaq. Çünki hələ də kəşfiyyat işləri aparılır. Biz ixracı şaxələndirmişik, bir neçə qaz kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Cənub Qaz Dəhlizinə 4 layihə daxildir, bu layihələrin hər biri icra mərhələsindədir. "Şahdəniz" dünyanın ən böyük qaz mənbələrindən biridir, orada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində 3 qaz kəməri inşa edilir. Sonuncu mərhələ Trans Adriatik Qaz kəməridir. Bu kəmər Xorvatiyanın yerləşdiyi regiona yaxındır. Həmin qaz kəmərinin həmin regiona uzadılması ilə məşğul ola bilərik. Bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, tezliklə artıq danışıqların fəal fazasına başlaya bilərik. Bu, təhlükəsizlik, enerji şaxələndirilməsi layihəsidir. Hər tərəf uduşda olacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik, avropalı istehlakçılar isə əlavə mənbələr əldə edir. Bilirik ki, Avropanın qaza tələbatı artır. Biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla bərabər, 5 il əvvəl Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalamışıq".
Prezident onu da bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında danışıqlara başlayır: "Qaz kəmərinin tikintisi ilə Xorvatiya ilə strateji əməkdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu belə olacaq. Enerji Azərbaycanın Avropa təsisatları və Avropa İttifaqına üzv dövlətlərlə ilə əməkdaşlığında mühüm sahədir. Qonşu dövlətlərimiz də bu layihələrdə fəal iştirak edir".
Prezidenti İlham Əliyev deyib ki, neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: "Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var: "Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik".
Prezident İlham Əliyev qeyd edib ki, nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək.
Dövlət başçısı deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır: "Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bu il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün sərmayələr dövlət tərəfindən qorunur: "Azərbaycanda sabitlik hökm sürür. Neft qiymətləri ilə bağlı böhran da yaxşı imkan yaradıb və Azərbaycana sərmayə qoya bilərsiniz. Azərbaycan öz ehtiyatlarına arxalanan, özünü təmin edən, davamlı inkişafı bərqərar edən bir ölkədir. Biz neft qiymətlərini unutmaq əzmindəyik. Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək".