“Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslər gedir” Siyasət

“Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslər gedir”

Mübariz Əhmədoğlu: "Dəyişikliklər tektonik dəyişiklik adlandırıla bilər"

"Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslər gedir. Hazırda münaqişə ətrafındakı dəyişiklikləri tektonik dəyişiklik adlandırıla bilər". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağa muxtariyyət verilməsinin mümkünlüyü ilə bağlı səsləndirdiyi fikir hücum diplomatiyası idi: "Bu ATƏT-in Minsk qrupuna təzyiq mexanizmidir".
Politoloqun sözlərinə görə, Azərbaycan münaqişənin mərhələli həllini nəzərdə tutan Sankt-Peterburq razılaşmasından haqlı olaraq imtina etdi: "Çünki Rusiya razılaşmadan birinci imtina edən Ermənistanı üstün tutdu. Ona görə də Azərbaycan haqlı olaraq bu addımı atdı. Biz heç kimdən asılı deyilik".
Politoloq əlavə edib ki, ermənilər Rusiyanı arxadan xəncərləməkdə davam edir.
M.Əhmədoğlunun fikrincə, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın mövqeyində dəyişiklik var.
Vigen Sarkisyanın Ermənistanın müdafiə naziri təyin edilməsinə münasibət bildirən politoloq deyib ki, o nazir olan kimi qoşunların təmas xəttində vəziyyət gərginləşdi.
M.Əhmədoğlu qeyd edib ki, ermənilər atəşkəsin pozulmasında hamıdan çox maraqlıdır: "Ermənilər qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməklə çalışırlar ki, işğal edilmiş əraziləri rəsmiləşdirsinlər. Lakin Ermənistan Minsk qrupunu və dünya birliyini aldadıb ki, guya onlar atəşkəsin pozulmasında maraqlı deyillər".
Politoloq əlavə edib ki, Rusiyanın "İsgəndər" raketlərini Ermənistana verməkdə məqsədi Dağlıq Qarabağ məsələsi deyil: "Burada əsas məqsəd Gürcüstanı nişan almaqdır". O bildirib ki, son zamanlar Gürcüstana ABŞ və NATO-nun hərbi gəmiləri gəlir. Rusiya isə bundan narahatdır: "Hesab edirəm ki, Rusiya "İsgəndər"i Ermənistana buna görə verib. Rusiya bu məsələyə çox ciddi reaksiya verir".
Politoloqun sözlərinə görə, Rusiya hesab edir ki, ABŞ və NATO-nun Qara dənizdə, Baltikyanı regionda, Ukrayna və Gürcüstanda hərbi qüvvələri yığmaqda məqsədi odur ki, Rusiyanın Suriyada apardığı kampaniyaya maneə olsun: "Ona görə də Rusiya hazırda Suriyada öz qoşunlarını möhkəmləndirir. Admiral Kuznetsov artıq Aralıq dənizinin Suriya sahillərinə yan alıb. Bu da ABŞ və NATO-da narahatlıq yaradır. Çalışırlar ki, Qara dəniz və Baltikyanı ərazilərdə hərbi manevrlər etməklə "Admiral Kuznetsov"u geri qaytarsınlar".
M. Əhmədoğlu hesab edir ki, regionda hərbi gərginlik nə qədər az olsa, bir o qədər yaxşıdır: "Digər tərəfdən yaranmış qarşıdurma ermənilərin təxribatına cavab verməyə yaxşı geosiyasi şərait yaradır. Bunu da nəzərə almaq lazımdır ki, ABŞ və Rusiyanın baş qarışıqdır. Hazırda Dağlıq Qarabağ onların yadına düşmür. Rusiya bütün kosmik qüvvələrini Suriya və Mosula yönəldib. Bizim regionda demək olar yaddan çıxıb. Azərbaycan ermənilərin hərbi təxribatına hərbi yolla cavab versə, daha yaxşı uğur əldə edə bilərik".
O "Ermənistanda baş verənlər bizim diqqət mərkəzimizdədir", - deyə bildirib. O qeyd edib ki, Vigen Sarkisyanın müdafiə naziri təyin edilməsini ilk təbrik edən İran oldu. İranın müdafiə naziri müavini Nəsrullah Kələntəri Ermənistana göndərdi ki, V.Sarkisyanı təbrik etsin:
"Sarkisyanın gəlişi ilə erməni təxribatlarına yeni dinamizm verildi. Azərbaycan buna hazırdırmı? Hesab edirəm ki, Azərbaycan buna hazırdır". Politoloq həmçinin Gürcüstanda keçirilən parlament seçkilərindən də danışıb. O qeyd edib ki, Qərb Gürcüstanda antirusiyaçı radikal qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil: "Çünki Qərb başa düşür ki, Rusiya bunu cavabsız qoymayacaq".
0Politoloq həmçinin qeyd edib ki, parlamentdə 5 nəfər azərbaycanlının olması kifayət deyil. M.Əhmədoğlu hesab edir ki, Gürcüstan parlamentində 22-23 deputat azərbaycanlı olmalıdır.
0M.Əhmədoğlu qeyd edib ki, ABŞ-dakı bir qrup erməni ABŞ hərbi təyyarələrinin ehtiyat hissələrini İrana keçirməklə məşğuldur: "Bu erməniləri İranın gözündə qaldırmışdı. Baxmayaraq ki, Ermənistan müsəlman torpağını işğal edib və İran buna göz yumur". Politoloq bildirib ki, ekspertlərin fikrincə, Ermənistanda effektiv iqtisadiyyat əldə etmək üçün ÜDM-ün inkişaf göstəricisi 7.2% olmalıdır: "Lakin hazırda bu rəqəm 2.2%-dir. Ermənistanda xarici borcun ÜDM-ə nisbəti 54 faizdir".
O əlavə edib ki, hazırda bu ölkədə ümumi əhalinin sayı 3 milyondan aşağı düşüb.