“Hər hansı bir beynəlxalq sənəddə “siyasi məhbus” anlayışı yoxdur” Siyasət

“Hər hansı bir beynəlxalq sənəddə “siyasi məhbus” anlayışı yoxdur”

Əliməmməd Nuriuyev: "Bu termin bəzi müdafiəçilər tərəfindən dövriyyəyə daxil edilib"

Araz Əlizadə: "Radikal müxalifət "siyasi məhbus" siyahıları hazırlamaqla oyun oynayır".

"Ümumiyyətlə, hər hansı bir beynəlxalq sənəddə "siyasi məhbus" anlayışı yoxdur. "Siyasi məhbus" termini radikal müdafiəçilər tərəfindən dövriyyəyə daxil edilmiş bir anlayışdır. Bunun hansısa bir beynəlxalq hüquq sənədində ifadə olunması yoxdur". Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bir sıra hallarda "siyasi məhbus" anlayışı həm də siyasi təzyiq instrumentinə çevrilməsi üçün lazımdır: "Bəzi ölkələrə münasibətdə bu terminalogiyadan geniş sürətdə istifadə olunur. Təbii ki, burada da əsas insan hüquq və azadlıqlarının qorunmasından daha çox iqtisadi, hərbi, siyasi maraqların təmin edilməsi ilə bağlı məsələlərdir. Bəzi hallarda isə hətta ayrı-ayrı beynəlxalq təşkilatlar bunun müqabilində bu üsullardan istifadə edərək yeni qrantlar əldə etmək istəyirlər. Yəni burada müxtəlif variantlar vardır". Fond rəhbəri əlavə edib ki, bir çox siyasi qruplar gündəmdə qalmağı çox vacib hesab edirlər: "Gündəmdə qalmaq eyni zamanda sosial bazasını saxlamaq üçün və yaxud da müəyyən qədər genişləndirmək üçün belə kampaniyalara qoşulurlar. Bu bir tərəfdən onların öz bacarısızlıqlarının başqa bir formada göstərməyin qarşısını almaqdan ötrüdür. Çünki uzun illərdir ki, bir çox siyasi qruplar baxmayaraq ki, hakimiyyət uğrunda çalışıblar amma hər hansı bir uğurlu nəticələr əldə etməyiblər. Bu isə onların tərəfdarlarının saxlanması imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Ona görə də onlar bu üsuldan istifadə etməklə bir çox şəxsləri öz tərəfdaşına çevirmək istəyirlər".
Millət vəkili Araz Əlizadə isə bildirib ki, "siyasi məhbus" siyahıları dərc etmək AXCP və Müsavatın oyunudur: "Radikal müxalifət bu dəfə də "siyasi məhbus" siyahıları hazırlamaqla oyun oynayırlar". A.Əlizadə qeyd edib ki, bu adamlar Azərbaycanda yaşayırlar, ancaq azərbaycanlı deyillər: "Gedin, soruşun heç birisi sizə deməyəcək ki, azərbaycanlıyam. Bunlar Azərbaycan vətəndaşı olsalar da, daxilən mühacirdilər. Çünki daxilən vətənə bağlılıqları yoxdur".