“Ermənistanın xunta və diktatura rejimi anlamalıdır...” Siyasət

“Ermənistanın xunta və diktatura rejimi anlamalıdır...”

Emil Hüseynli: "Azərbaycan üçün müharibə bitməyib"

Elxan Şahinoğlu: "Azərbaycan ordusu, bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır"

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarə olunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.
"Düşüncə" İctimai Birliyinin sədri, "Dailykarabakh" saytının rəhbəri Emil Hüseynli deyib ki, noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin keçirəcəyi irimiqyaslı hərbi təlimlər Serj Sarkisyan hakimiyyəti üçün ciddi siqnaldır. E.Hüseynli bildirib ki, təlimlərə cəlb olunacaq hərbi texnika və şəxsi heyətin statistikasına nəzər yetirsək, Ermənistan üçün hansı təhlükə yarana biləcəyini söyləmək olar: "Təlimlərə cəlb olunan şəxsi heyətin sayı, bəlkə də Dağlıq Qarabağda yaşayan ermənilərin sayından çoxdur. Ermənistanın xunta və diktatura rejimi anlamalıdır ki, Azərbaycan üçün müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil". QHT rəhbərinin sözlərinə görə, Azərbaycan Ordusunun aprel hadisələri zamanı əldə etdiyi uğurlar göstərdi ki, Silahlı Qüvvələrimiz hər an Ermənistan silahlı birləşmələrinin təxribatına daha tutarlı cavab verməklə, işğal olunmuş ərazilərimizi separatçılardan təmizləyə bilər: "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var və bu, beynəlxalq hüququn prinsiplərinə tam cavab verir. Bunu Ermənistan da, ona havadarlıq edən digər dövlətlər də yaxşı bilir və onlar üçün sirr deyil ki, status-kvo dəyişməsə, müharibənin başlayacağı qaçılmaz olacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara "hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır". Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyasının lideri Aram Sarkisyan da eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına" gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin" fikri olub", - deyə bildirib. Politoloqun fikrincə, İrəvan bununla iki məqsəd güdür: "Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin "yox" cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez "danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var" deyir". Lakin ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır: "Azərbaycan ordusu, bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır. Mesajı belə oxumaq lazımdır: "Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır".
Əli