Sərkisyanın Qarabağ bəyanatının iç üzü Siyasət

Sərkisyanın Qarabağ bəyanatının iç üzü

Qabil Hüseynli: "Danışıqlardan çəkilən də, şərtlərdən qaçan da məhz Sərkisyandır"

Sərkisyanın xalqların öz müqəddəratını təyin etmə prinsipini dilə gətirməsi ermənilərin növbəti oyunudur. Bu, Dağlıq Qarabağın ayrıca bir ərazi vahidi kimi müqəddəratını təyin etmək hüququna dair referendumun keçirilməsinə və bunun əsasında da statusun müəyyən edilməsinə işarədir.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, Sərkisyanın minnətlə danışıqlara qayıtmaq istəməsi və bunu bir güzəşt hesab etməsi növbəti erməni hiyləgərliyindən xəbər verir:
"Danışıqlar prosesi 20 ildir ki, davam edir. Danışıqlardan çəkilən də, şərtlərdən qaçan da məhz Sərkisyandır. İndi yenidən danışıqların bərpası fikrinə düşüblər. Görünür, ordumuzun son təlimlərinin miqyası və potensialı İrəvanı təşvişə salıb. Ona görə də Sərkisyan "sülh göyərçini" rolunda dünyanı yenidən aldatmaq istəyir. Əgər o, Azərbaycanın ərazi bütovlüyünü bəyan edirsə, onda xalqların öz müqəddəratını təyin prinsipi nəyə lazımdır? Ərazi bütövlüyü prinsipi daha mühüm və geniş yayılmış hüquq normasıdır. Dünya hazırda bu prinsiplə, yəni II Dünya savaşından sonra formalaşmış sərhədlərin dəyişməməsi ilə ərazi bütövlüyünün öndə gəlməsini üstün tutur. Bu, NATO-nun son Varşava sammitində, xüsusən, postsovet məkanındakı münaqişələrə münasibətdə açıq şəkildə vurğulandı. Bildirildi ki, bu məkanda sabitliyin yaranmasının əsas yolu Helsinki yekun aktında öz təsbitini tapmış dövlət və xalqların ərazi bütövlüyü prinsipidir".
Politoloq bildirib ki, Sərkisyanın bu fikirləri problemə dürüst yanaşma elementlərinə ziddir:
"Sözügedən iki prinsipi eyni anda, eyni münaqişəyə tətbiq etmək mümkün deyil. Bir-birilə zidd olan bu iki prinsipi calaq edib, vahid bir məzmuna yığmaq mümkünsüzdür. Ermənilər müstəqilliklərinin tanınmasına yol açan xalqların müqəddəratı prinsipi ilə, əslində, yeni bir erməni dövləti yaratmaq istəyirlər. Bu gün Ermənistanın mövcudluğunu təmin edən torpaqların hamısı tarixi Azərbaycan əraziləridir. Sovet İttifaqı və rusların köməyi ilə torpaqlarımızda Ermənistan adlı bir dövlət yaradıldı. Hətta indiki İrəvan şəhəri AXC tərəfindən icarə ilə 99 illiyinə Ermənistana verildi. İndi bunun da vaxtı bitir.
Üstəlik, Sərkisyanın cəbhədə "qaynar xətt" təklifi də tamamilə həyasız bir formada işğalçının öz hərəkətlərinə bəraət qazandırmaq məqsədi güdür və birbaşa status-kvonu qorumağa hesablanıb".
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan "RİA-Novosti" agentliyinə müsahibəsində danışıqlara qayıtmağa hazır olduqlarını deyib. O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq Dağlıq Qarabağ probleminin həlli xalqların öz müqəddəratını təyin etmə hüququ ilə eyni aparılmalıdır.
Onu da qeyd edək ki, Sərkisyanın təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt"in yaradılması təklifinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib ki, Ermənistan prezidenti Serj Sərkisayan ancaq bir halda Azərbaycan Prezidentinə zəng edə bilər, o da öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün.
Deputat hesab edir ki, Sərkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır:
"Ortada Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar 1991-1994-cü illərdə məhz Serj Sərkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib. Dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıracaq mexanizm yoxdur. Sərkisayn bu qaynar xətti müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə yaradaydı. Ermənistan atşkəsin pozulmasını yox, qoşunlarını Azərbaycan ərazilərindən çaxartmağı düşünməlidir. O, yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi gündəlikdə saxlayır. Prezidentin dediyi kimi, "erməni əsgəri ölmək istəmirsə, rədd olub Azərbaycan torpaqların getməlidir".
Sərkisyan ancaq bir halda Azərbaycan prezidentinə zəng edə bilər, o da öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün".
Qeyd edək ki, ötən gün "Sputnik" agentliyinə müsahibə verən Ermənistan prezidenti Serj Sərkisyan İrəvanla Bakı arasında birbaşa "qaynar xətt"in yaradılmasının mümkünlüyündən danışıb.