“Utanmaz şəkildə terrordan danışan ermənilər yaxşı olardı ki, öz tarixlərinə baxsınlar” Siyasət

“Utanmaz  şəkildə terrordan danışan ermənilər yaxşı olardı ki, öz tarixlərinə baxsınlar”

Zaur Məmmədov: "XX əsrdə törətdikləri onlarla terror aktlarının cavabını versinlər"

Hadi Rəcəbli: "Bu bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir"

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında iştirak edən erməni nümayəndələr türk rəsmilərə "Türkiyə İŞİD-i niyə dəstəkləyir?" sualını veriblər.
Belə ki, PA-nın erməni üzvü Mikayel Melkumyan Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlüyə təxribat xarakterli suallar ünvanlayıb. Erməni millət vəkili Koryun Nahapetyan da XİN rəhbəri Mövlud Çavuşoğluna buna bənzər suallar ünvanlayıb.
Türkiyənin terrordan əziyyət çəkdiyi bir zamandan erməni nümayəndələrin Türkiyəni terrora dəstək verməklə ittiham etməkdə məqsədi nədir? Bu məsələ ilə bağlı açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, ermənilər yenə öz ampulalarına uyğun olaraq türklərə qarşı arenadan istifadə edərək belə bir ittiham ilə çıxış ediblər. Lakin, tutarlı cavablarını da alıblar. Politoloq qeyd edib ki, utanmaz şəkildə terrordan danışan ermənilər yaxşı olardı ki, öz tarixlərinə baxsınlar: "Dünyada terrorizmin əsasını qoyanlardan olan ermənilər yaxşı olar ki, XX əsrdə törətdikləri onlarla terror aktlarının cavabını versinlər".
Z. Məmmədov hesab edir ki, Türkiyə və Azərbaycan Xarici İşlər nazirlikləri, diplomatları, diaspora təşkilatları koordinasiyalı şəkildə ermənilərə qarşı informasiya müharibəsi aparmalıdırlar: "Bu səpkidə bir sıra problemlərin olması danılmazdır. Təəssüflər olsun ki, əllərində kifayət qədər resursları olan türklər və azərbaycanlılar sahib olduqları potensiallarından yetərli qədər istifadə edə bilmirlər. Ermənilərin son aylar Azərbaycana qarşı etdikləri çıxışlar göstərir ki, regionda vəziyyət daha da gərginləşəcək. Ermənilər ruslara arxayın olub meydanda at oynatmaq istəyirlər".
Millət vəkili Hadı Rəcəbli isə "sevindirici hal odur ki, Türkiyədə keçirilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında erməni deputat Koryun Nahapetyan Qarabağla bağlı səsləndirdiyi sərsəm fikirlərinə görə bir neçə istiqamətdə öz cavabını aldı", - deyə bildirib. Onun sözlərinə görə, ən başlıcası isə NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında yaranan qalmaqalda XİN rəhbəri ona öz cavabını verdi: "Bu cavaba isə bütün dünya şahid oldu. Bu bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Beləcə erməninin bizim əleyhimizə apardığı siyasət bir növ ölkəmizin xeyrinə işlədi. Erməni deputatına verilən layiqli cavab dünyada birdaha bizim uğurlarımızı, birliyimizi, bütövlüyümüzü təsdiq etdi və göstərdi".

Əli