“Bu, cənab Prezidentin humanist siyasətinin təzahürüdür” Siyasət

“Bu, cənab Prezidentin humanist siyasətinin təzahürüdür”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Düşünürəm ki, bu, cənab Prezidentin məhz humanist siyasətinin təzahürüdür. Prezident tərəfindən irəli sürülmüş təşəbbüs Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənir və xalqımız da cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanır, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə öz əminliklərini bildirirlər”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.

Deputat bu sənədin çox mühüm sənəd olduğunu vurğulayaraq əlavə edib ki, bu amnistiya aktı 20 minə yaxın cəza çəkən və istintaqda olan, eyni zamanda, məhkəmə istintaqı gedən şəxslərə şamil olunur: “Burada bir neçə məqamı qeyd etmək istərdim ki, amnistiyada ərazi bütünlüyünün təmin olunmasında iştirak etmiş hərbçilər və itkin düşmüş şəxslərin qohumları xüsusi həssas təbəqə kimi göstərilir. Yəni bu, nəzərə alınıb. Eyni zamanda, cinayətin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi fərdi qaydada qiymətləndirilərək sosial ədalət və humanizm prinsipi rəhbər tutulub. İtkin düşənlərin ailə üzvlərinə münasibətdə də humanist yanaşma, sosial ədalət, milli həmrəylik və dövlət-vətəndaş etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, bir daha qeyd edirəm hüquqi ədalətin, həm də dövlətin vətəndaşına mənəvi dəstəyinin ifadəsi kimi qiymətləndirməlidir”.

A.Nağıyevin sözlərinə görə, bundan başqa, sərhəd rayonlarında vaxtilə təxribata məruz qalmış, eyni zamanda, hərbi təxribatlar nəticəsində əlil olmuş və həlak olan şəxslərin qohumları da xüsusi sosial həssas kateqoriyadır və bu şəxslərə də tətbiq olunur: “Bir sözlə, bu, çox mühüm sənəddir, çox mühüm amnistiya aktıdır. Hər bir şəxs cəzadan azad olunaraq Azərbaycanın dövləti, dövlətçiliyi naminə əlindən gələni etməli və edəcək. Bir daha Azərbaycanın apardığı siyasət, ərazi bütövlüyü, suverenliyi və Azərbaycan xalqının rifahı üçün bütün şəxslər, vətəndaşlarımız öz bacarıqlarını ortaya qoymalıdırlar”.

Röya İsrafilova