Milli Məclisinin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisinin növbəti plenar iclası keçirilib

Milli Məclisinin növbəti plenar iclası keçirilib. Bu günkü iclasda deputatlar 27 məsələni müzakirə ediblər.
Gündəlikdə olan "2017-ci ilin dövlət büdcəsi", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyasından ibarət siyahıya Vergilər, Cinayət, Mülki Prosessual məcəllələrinə, "Büdcə sistemi haqqında", "Nağdsız hesablamalar haqqında", "Dövlət rüsumu haqqında" və "İcra haqqında" qanunlara müxtəlif dəyişikliklər layihələri əlavə edilib. Həmçinin gündəlikdə "Hərbi vəziyyət haqqında" qanun layihəsi mezakirə olunub.
Deputat Elmira Axundova avtomobillərinparklanma məsələsinin Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem olaraq qaldığını vurğulayıb: "Qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta namünasib yerlərdə parkomatlar quraşdıraraq park yerlərinin açılması Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur.
Bir də görürsən ki, müvafiq icra hakimiyyəti orqanları bir-biri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yeri müəyyən edir. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq yaradır, həm də müvafiq orqanların öz arasında ziddiyyət yaradır.
Bu baxımdan "Yol hərəkəti" haqqında qanuna əlavə olunması təklif edilən 53-cü maddənin I, II və III maddələri mühüm əhəmiyyət kəsb edir".
Elmira Axundovanın sözlərinə görə, digər problem odur ki, yol kənarındakı park yerlərində dəqiq göstərilməyib ki, nəqliyyat vasitələri yola paralel, yoxsa perpendikulyar şəkildə saxlanmalıdır.
"Buna görə park yerləri xətlərlə müəyyən olunmalıdır. Təklif edilən 53-cü maddənin XXIV bəndində bu məsələ əks olunub.
Parklanma yerlərinin 3 faizinin əlillər üçün ayrılması isə yeni bir mədəniyyətin başlanğıcıdır. Doğrudur Bakıda çox az sayda oteldə bu cür yerlərə rast gəlmək olur, amma ümumilikdə park yerlərinin çoxunda əlillər üçün park yerləri müəyyən olunmayıb. Odur ki, 53-cü maddənin X bəndi mühüm əhəmiyyət kəsb edir. Mən inanıram ki, bu təkliflər Bakıda sıxlıqla bağlı bir çox problemi aradan qaldıracaq. Amma dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin aparılması, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunması kimi geniş funksiyalara malik parkomatların alınması, ölkəyə gətirilməsi çox böyük maliyyə vəsaiti tələb edəcək. Sadəcə mən bilmək istərdim ki, çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı? Bəlkə biz o parkomatların gətirilməsini bir neçə il sonraya təxirə salaq, XIII maddəni hələlik dayandıraq".
Əsas müzakirə "Hərbi vəziyyət haqqında" qanuna dəyişiklik layihəsi ilə bağlı olub. Layihə haqqında Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov məlumat verib. Zifafət Əsgərov bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır: "Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdam cənab prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncamı milli təhlükəsizlik maraqlarına xidmət edir".
O deyib ki, qanun layihəsi tamamilə yenidən işlənib. Deputat bildirib ki, hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib: "1994-cü ildən bu günə qədər xeyli işlər görülüb. Zərurət yaranıb ki, artıq yeni qanun layihəsi qəbul edilsin".
Ziyafət Əsgərov qanun layihəsində nəzərdə tutulan müddəalardan da söz açıb: "1994-cü ildə qəbul olunan qanun 17 maddən ibarətdir. İndi təqdim olunan qanun layihəsinin əsas mahiyyəti isə bundan ibarətdir: Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan və ləğv edilməsi, təmin edilməsi, cəbhəboyu zonada, hərbi hissələrin yerləşdiyi ərazilərdə hərbi rejimin xüsusiyyətləri nəzərdə tutulub. Birinci fəsildə 20 müddəa var. Burada əsas anlayışlar, hərbi vəziyyətin elan olunması, onun uzadılması və ləğv edilməsi, məqsədləri barədə yazılıb. Həmçinin hərbi vəziyyətin elan oluması haqqında prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb".
Ziyafət Əsgərov qeyd edib ki, layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir: "Hərbi vəziyyətin elan olunması haqqında fərman 2 halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılıb qərar qəbul edilməsi göstərilib".
Deputat Siyavuş Novruzov ehtiyatda olan həbçilərlə bağlı təklif verib. Deputat bildirib ki, ehtiyatda və istefada olan generallardan cəbhə bölgəsindəki rayonlara icra başçısı təyin etmək olar: "Hərbi vəziyyət haqqında" sənəd ətraflı şəkildə hazırlanan qanun layihəsidir və hesab edirəm ki, gələcək fəaliyyətin tənzimlənməsi ilə bağlı kifayət qədər addımlar atıla bilər".
Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir verməyin tərəfdarı olduğunu deyən millət vəkili bildirib ki, dondurulmuş münqişə həll edilmiş demək deyil və bunun nə vaxtsa donu açılıb, alovlana bilər: "Biz bu alovlanmaya hazır olmalıyıq. Aprel döyüşlərini buna misal göstərmək olar. Elə ictimai proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. O baxımdan biz hazırlığımızı əldə saxlamalıyıq".
Məsələ ilə bağlı bir neçə təklif irəli sürən Siyavuş Novruzov qeyd edib ki, keçmiş təcrübədə var ki, sərhəd bölgələrinə istefada olan hərbçiləri rayon icra başçısı təyin edilirdi: "Bundan istifadə etmək lazımdır. Bizim kifayət istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onların idarəçilik, insanlarla münasibətdə və eləcə də digər sahələrdə yüksək təcrübələri var. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir".
Deputatı Azay Quliyev "Ermənistan-Azərbaycan Sülh Platforması" ilə bağlı çıxış edib: "Bu haqda ictimaiyyəti, o cümlədən Milli Məclisi məlumatlandırmağa və Millət vəkillərini bu prosesə qoşmağa ehtiyac var. Təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status kvonu dəyişdi.
1) Azərbaycanın işğal olunmuş torpaqlarını bir hissəsi azad edildi.
2) Atəşkəsin çox kövrək və müvəqqəti xarakter daşıdığı, Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad edə biləcəyinin tam real olduğunu hamı, xüsusilə erməni xalqı anladı. Belə bir şəraitdə hər iki ölkə prezidentinin Vyana və Sankt-Peterburq görüşü oldu və hər kəsdə problemin həllinə az da olsa ümid yaratdı. Lakin Sarkisyanın günahı və sülh istəməməsinə görə danışıqlar heç bir nəticə vermədi.
Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər və münaqişinin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi. Ermənistandan olan nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib və qurbanların ruhuna hörmət olaraq abidənin qarşısında baş əyib, çiçək qoydular. Sarkisyan rejimi tərəfindən insanlıq əleyhinə törədilən bu cinayətə görə Azərbaycan xalqından və bütün xocalılardan üzr istədilər.
Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olundu və hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi qeyd edildi.
Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər.
Sonra konfrans iştirakçıları fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər".
O bildirib ki, platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər.
Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan 3 QHT platformanın təsisçiləridir. Erməni tərəfi niyə Platformaya bu qədər çox maraq göstərir?
1-ci ona görə ki, əksər erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar.
2-cisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər. 3-cü isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər.
Ona görə də ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər. Bu baxımda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sarkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər.
Bildiyiniz kimi, son 3 gündə mətbuat vasitəsilə "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir.
Uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən Beynəlxalq Təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır.
Hesab edirəm ki, beynlxalq təçkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər".

Əli