“Türkiyədə ardıcıl törədilən terror aktları və səfirin öldürülməsi bir-biri ilə bağlı hadisələrdir” Siyasət

“Türkiyədə ardıcıl törədilən terror aktları və səfirin öldürülməsi bir-biri ilə bağlı hadisələrdir”

"Düşünmürəm ki, ABŞ və ya Böyük Britaniya kiməsə göstəriş verib ki, gedin Rusiyanın Türkiyədə səfirini öldürün".
Bu fikri politoloq Mübariz Əhmədoğlu Rusiya səfiri Andrey Karlovun Türkiyədə öldürülməsinə münasibətində deyib. Politoloq qeyd edib ki, ümumilikdə geosiyasi münasibətlər sistemi elədir ki, Suriya kampaniyasına görə region üzrə maraqlı olan dövlətləri 2 qrupa bölüb: "Bir qrupun başında Rusiya özü təkdir. Digər qrupun başında ABŞ dayanıb və onun ətrafında koalisiya var. Türkiyə bəzən ABŞ-ın, bəzən isə Rusiyanın mövqeyini dəstəkləyirdi".
Politoloq əlavə edib ki, Suriya məsələsində ən vacib məqam Hələb idi: "Hələbdə Qərb koalisiyası müxalifətçiləri, İŞİD-i, əl-Nüsrəni elə sistemləşdirmişdi ki, hamı şəhərin azad edilə bilməyəcəyini düşünürdü. Lakin Rusiyanın köməyi ilə Suriya ordusu Hələbi azad etdi".
M. Əhmədoğlu hesab edir ki, burada ən vacib geosiyasi addım Rusiyanın Türkiyəni öz tərəfinə çəkməsinə oldu: "Türkiyə geosiyasi faktor olaraq Hələb məsələsində ABŞ-ın yox Rusiyanın mövqeyini dəstəklədi. İndi ABŞ-da belə düşünürlər ki, Rusiya şəhəri ona görə azad etdi ki, Türkiyə Rusiyaya tərəf çevrilsin. Bununla da istər-istəməz Hələbdə sistemləşmiş qüvvələrin arzuları puç oldu".
Politoloq qeyd edib ki, törədilmiş qətli əl-Nüsrə ilə əlaqələndirirlər. Çalışırlar ki, Rusiya və Türkiyə münasibətlərinə zərbə vursunlar: "Hesab edirəm ki, Türkiyədə ardıcıl törədilən terror aktları və səfirin öldürülməsi bir-biri ilə bağlı hadisələrdir. Terror törədən qüvvələr elə hesab edirlər ki, Türkiyə bütün bunların günahını Rusiyada görəcək. Rusiya Türkiyədən narazı qalacaq. Fikrimcə, bu iki dövlət arasında gərginliyin yaranmasında maraqlı qüvvələrin törətdiyi və ən azı üzdə olan üçüncü əməliyyatdır".
Politoloq əlavə edib ki, Türkiyə-Rusiya yaxınlaşması Türkiyə üçün bütün parametrlər üzrə müsbətdir: "Türkiyənin Rusiya ilə yaxınlaşması onun Qərbdən uzaqlaşması anlamındadır. Qərb dövlətləri isə bundan narahatdır. Hesab edirəm ki, Türkiyə Rusiya ilə münasibətlərin arxasınca gedəcək. Rusiya anlayışla yanaşacaq. Fikrimcə, bu hadisə nəinki Rusiya-Türkiyə münasibətlərinə zərbə vuracaq, ola bilər ki, iki dövlətin münasibətləri daha sürətlə inkişaf etsin".