

“Azərbaycan millət vəkillərinin Ceyhun Bayramova ABŞ ilə bağlı etdikləri müraciətdə mövqeyləri bəllidir. Onlar bu mövqeyi niyə ortaya qoyublar? Çünki xarici işlər nazirinə bəllidir ki, artıq Azərbaycana qarşı sanksiya paketi hazırlanır. Ola bilsin ki, bu dəfə hər dəfəkindən ciddi olsun”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloq qeyd edib ki, həmişə ABŞ Konqresində ermənipərəst partiyalar, ermənipərəst konqresmenlər bu cür qanun layihəsi irəli sürürlər:
“Yəni Azərbaycana qarşı sanksiyaların qoyulması ilk dəfə deyil, bu, vaxtaşırı olur və çox zaman ciddiyə alınmır. İndiki halda isə biz görürük ki, burada artıq Azərbaycana qarşı ciddi sanksiyalar qoyula bilər və bu, ciddi şəkildə müzakirə olunur. Azərbaycan dövlətinin belə bir ehtimalı var ki, həqiqətən ABŞ Dövlət Departamenti bunu sifariş edir və Azərbaycana qarşı həyata keçirəcək. Ona görə də Ceyhun Bayramova millət vəkillərinin yazdığı bu müraciət əslində ABŞ-yə qarşı Azərbaycanın atacağı addımların siyahısı idi. Yəni vurğulanır ki, ABŞ Azərbaycana qarşı bu addımları atarsa, deyək ki, Azərbaycana qarşı sanksiyaları qüvvəyə minərsə, o zaman Azərbaycan da ABŞ ilə əməkdaşlığı dayandıra bilər”.
T.Rzayev bildirib ki, müraciətdə həm də ABŞ-yə mesaj verilir ki, çalışıb maksimum şəkildə Azərbaycana qarşı qoyduğu sanksiyaların qarşısını alsın:
“Müraciətdə həm Dövlət Departamentinə, həm Pentaqona, Ağ Evə mesaj vardı. Burada Azərbaycan tərəfinin istəyi ABŞ-yə qarşı hansısa qərarların qəbulu deyil, əgər ABŞ-dən Azərbaycana qarşı hansısa sanksiyalar qoyularsa, bununla bağlı hansı qərarlar verilə bilər, bunu ABŞ-nin diqqətinə çatdırmaq idi”.
Röya İsrafilova