Paslı açar... Siyasət

Paslı açar...

Yaxud israf edilmiş ümidlər

Arzu Şirinova

Az qala 25 il olacaq ki, məcburu köçkün statusunu çiyinlərində daşıyır. Bu çiyinlər qocalsa da, yükünü yerə qoya bilmir. 25 ildə uşaq bağçasında qalsa da, dövlətin imtiyazlarından-özləri demiş-çörək pulu, qaz pulu, işıq pulu, su pulundan və bir də ali, eləcə də texnikumlara pullu təhsildən azaddılar. 25 ildə, yenə də özləri demiş, işığın, qazın, suyun anasın ağladıblar. O qədər israfçılıq ediblər ki, sanki erməni malıdır Qarabağın heyfini alırlar...
...Artıq bu israfçılığa son verilib. Bundan sonra hər məcburi köçkünə 36 manat pul veriləcək ki, buna da hər şey-çörək pulu, qaz pulu, işıq pulu, su pulu-daxildir. O da bir şərtlə-gərəkdir ki, adına daşınmaz əmlak və ya maşın olmasın. Həmayil veriləcək 36 manatdan məhrum olacaq, çünki adına torpaq sahəsi var. Aman, zaman bir qızı var. O da ailə qurandan sonra məsləhət oldu ki, gəlib onlarda qalsın. Bu gün sabah uşaq olar-dövlətin imtiyazlarından o da geninə, boluna istifadə edər. Həm də məcburi köçkünlərə tikiləcək evlərdə onlara da mənzil veriləndə qızının və ailəsinin hesabına mənzillərin sayı çox olar. Belə də elədilər. Gözünün ağı, qarası bir qızı 5 uşaq dünyaya gətirdi. Dövlətin imtiyazlarından geninə-boluna istifadə edərək yaşayırdılar. Ancaq bu devalvasiya onların da imtiyazlarının belini qırdı. Hər kəs kəmərlərini bərkitməli oldu, onlar da daxil. ..
...Bir həftənin içində işığa da, qaza da, suya da gəlib sayğac qoyublar. Birinci işıq idarəsindən gələn cavan oğlan sayğacı quraşdırınca Həmayilin gileyini və kənddən çıxdıqları gün başlarına gələnləri məcburən dinləməli oldu. Həmayil deyirdi: "Ağlım olmadı, mən də camaat kimi malımı-mülkümü gətirib bir qohum evində yerləşdirərdim. Hamısı qaldı. Bir dəst yorğan-döşək çıxara bilmədik ki, gələndə sərib üstündə yataq. Elə onu bildim ki, təzəcə bişirdiyim yuxadan iki büküm suladım, sacın yerinə, ocağa su qoydum ki, bir iki toyuq kəsdib yolum. Hara getsək heç olmasa bir həftə ötüşə bilək. Ocaqda bir tərəfdə də 10-15 yumurtanı qoydum ki soyutma olsun. Yoldu d, nə bilək başımıza nə iş gələcək. Bu işləri elə sürətlə gördüm ki... Həyətdən çıxanda bir tay buğdanı, sənə buğda deyirəm e , elə bil kişmişiydi, həyətboyu səpələdim ki, biz gələnə kimi toyuq-cücə ac qalmasın. Mal-qaranı da ipdən açıb bağa buraxdım. İnəklərin arxamızca mələşməsi indi də qulaqlarımdan getmir. Elə bil duyuq düşmüşdülər ki, bir də bizi görməyəcəklər. Həyət qapısını qıfıllayıb çıxdım. Açarlar bax budu" - deyib arxa otaqdan bir top açar gətirib cavan oğlana göstərdi.
Açarların arasında eləsi vardı pas atmışdı. Həmayil yenə sözünə davam elədi: "Bax, bunları saxlamışam 25 ildir. Mən nə yaşamışam orda yaşamışam burda yaşamamışam ki... Qapı-bacada hara əlimi atırdım pul vardı. Burda göyərtinin 3 yarpağın birləşdirib bir dəstə eləyib satırlar, ancaq biz həyətdən göyərtini qucaq dolusu yığardıq. Zəhrimara qalmış o gübrədən də verməzdik ki ziyandı bədənimizə. Suyumuz təmiz, yediyimiz təmiz, havamız təmiz idi. Mən duru yağ yedirməzdim qızıma. Nehrə yağından istifadə edərdim. Heç rusun yağını da yeməzdik. Bura gələndən ağzımızın dadı qaçıb. Min cür xəstəlik tapmışıq. Vallah torpaqlar alınsa birinci mən gedəcəm. O gün eşidirəm ki, Cəbrayılın Cocuq Mərcanlı kəndinin camaatı ərizə veriblər, kəndə qayıtmaq üçün. İnşallah bizə də nəsib olar. Ancaq o günə qədər yaşaya bilsəm". Cavan oğlan bu yerdə Həmayilə təskinlik verdi:"Ay xala, narahat olma o günləri də görərsən. Artıq torpaqlarımıza qayıdış başlayıb".
Cavan oğlanın dözmək sözü Həmayilin heç ürəyincə olmadı. 25 ildir dözürlər. Dözümün də bir həddi-hüdudu olar. Oğlan sayğacı quraşdırıb işini qurtardı Həmayilin əlindəki topa açarlara işarə eləyib dedi: "Bunları da at getsin, sizin hər birinizə elə evlər tikəcəklər, əvvəlkilərdən də yaxşı".
Həmayili sanki ilan sancdı:" Evimdən qalan bir budu, deyirsən bunu da atım? Dəmir darvazanı kənddən çıxan ili düzəltmişdik. Bax bu da onun açarıdı".
Cavan oğlan bu gün 5-ci ailə olacaq ki, evində sayğac qoyurdu. Hər bir ailənin öz həyat hekayəsi vardı. Ancaq Həmayil xalanın açarları saxlaması onu yamanca təsirləndirmişdi. Ürəyində "o gün olsun bağlı qapılarını açasan ay xala" deyib, sağollaşdı...
Oğlan qapıdan çıxan kimi Həmayil işıqları söndürdü. Qızına da tapşırdı ki, bundan sonra qənaət eləmək lazımdı...
Ancaq gecikmişdi, bu qənaət qərarını çoxdan verməliydi-25 il bundan əvvəl.