Azərbaycanda Rusiya pasportları paylanır Siyasət

Azərbaycanda Rusiya pasportları paylanır

Qafar Əliyev: "Bəzi şəxslər Azərbaycan vətəndaşlarının ikili pasport daşıması üçün fəaliyyət göstərirlər"
"Əgər bir vətəndaşın cibindən iki pasport çıxırsa, bu, saxtakarlıq və cinayətdir"

"Rusiyada yaşayan bəzi vətəndaşlar digər Azərbaycan vətəndaşlarının ikili pasport daşıması üçün fəaliyyət göstərirlər."
Bunu "SalamNews"a Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş bölməsinin müdiri Qafar Əliyev deyib.
Onun sözlərinə görə, belə hallar Azərbaycan ictimaiyyətini narahat edir: "Bizim qanunvericiliyimizdə ikili vətəndaşlıq nəzərdə tutulmayıb. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycanda yaşamalı, qeydiyyatda durmalı və bu ölkənin mövcud Konstitusiyasına hörmətlə yanaşmalıdır. Başqa ölkələrin vətəndaşları isə Azərbaycana gəldiyi zaman "Miqrasiya haqqında" Qanunun ölkə ərazisinda yaşama, qalma və burda xidmət göstərmə kimi qaydalarına əməl etməlidirlər."
O bildirib ki, bu cür cinayətlərin qarşısını almaq üçün ilk növbədə qanunun tələbləri tədbiq edilməlidir: "Əgər bir vətəndaşın cibindən iki pasport çıxırsa, bu, saxtakarlıq və cinayətdir. Necə ola bilər ki, Azərbaycanın hansısa bölgəsində yaşayan insan həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının pasportunu daşısın. Hüquqi-qanuni baxımdan belə hallar yolverilməzdir."