Müxalifətdə təkəbbür problemi Siyasət

Müxalifətdə təkəbbür problemi

Səxavət Əlisoy: "Birliklərin dayanıqlı olmamasının ən böyük səbəblərindən biri təkəbbürdür"

"Bu gün biz iqtidar düşərgəsini tənqid edirik ki, iqtidarda özünütənqid yoxdur, amma bu gün müxalifətin özündə də belə vəziyyət yaranıb. Hər kəs bilir ki, partiyaların özlərində avtoritarizm meylləri var.
Bu gün biz iqtidarı tənqid atəşinə tuturuq ki, hansısa nazir 20-25 il işləyir. Bəs biz özümüz neçə illərdir müxalifət lideri vəzifəsindəyik? Müxalifət funksionerləri var ki, 20 ildir eyni vəzifəni icra edirlər. Burada bir dəyişiklik etmək, ətrafda baş verən proseslərə ayıq gözlə baxmaq lazımdır".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, Azərbaycan müxalifətinin son zaman yaratdığı birliklərin dayanıqlı olmamasının ən böyük səbəblərindən biri təkəbbürdür: "Yəni adamlar şəxsi münasibətləri müstəvisində siyasi münasibətlər qurur. Azərbaycanda partiyalararası münasibət heç də ideoloji aspektlərə görə nizamlanmır. Sivil dövlətlərdə partiyaların təmərküzləşməsi getdiyinə görə ideoloji yaxınlıq daha çox hiss olunur. Bu ölkələrdə partiyanın rəhbərliyində kimin dayanmasının elə də əhəmiyyəti yoxdur".
Müsavat funksioneri qeyd edib ki, Azərbaycanda ideoloji yaxınlıq deyil, partiya sədrlərinin birinin digərinə olan münasibəti onların müttəfiqlik məsələsini həll edir: "Bu gün özünü müxalif sayan liderlərin əksəriyyətinin təkəbbürü müxalifətin birləşməsinə hər zaman mane olub və mane olacaq. Buna görə də yenilənmiş bir müxalifətin ortaya çıxması zərurəti var".