“Tariximizə sahib çıxırıq” Siyasət

“Tariximizə sahib çıxırıq”

Yaqub Mahmudov: "Xalq olaraq bizi heç kim məhv edə bilməyəcək"

"Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonra buradakı sabitlik pozulub. İşğalçıları Qafqaza köçürən qüvvələr daim onları müdafiə ediblər"
bunu AMEA-nın Tarix İnstitunin direktoru, deputat Yaqub Mahmudov 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, erməniləri Cənubi Qafqaza köçürən qüvvələr onları müdafiə etməklə buranı gərginlik ocağı kimi saxlayırlar.
"1918-ci ildə Azərbaycan xalqının ölüm və ya qalım məsələsi həll olunub. O zaman Azərbaycan torpaqlarında Ermənistanın yaradılması planı işlədilirdi. Tarixinə sahib çıxmayan xalqlar məhvə malikdirlər. Biz tariximizə sahib çıxırıq. Bir xalqı dilindən məhrum etmək üçün onun əlifbasını nə qədər dəyişərlər?! Bir xalqın mədəniyyətini nə qədər dəyişməyə cəhd edərlər?! Lakin xalq olaraq bizi heç kim məhv edə bilməyəcək".
Yaqub Mahmudov qeyd edib ki, ermənilər dəhşətli cinayətlərə imza atıblar: "Ermənilərin törətdikləri cinayətlər dünya tarixinə ləkədir. Uşağı bətndən çıxardıb, öz anasına yedirdiblər. Bu dəhşətli cinayət harada görülüb?".
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, 31 mart – Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib.
"Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub.
Ombudsman əlavə edib ki, bu qanlı faciələrin daha dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilir: "Belə ki, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, insanlar diri-diri yandırılmış, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb".
Elmira Süleymanova deyib ki, azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7000 nəfər öldürülüb.