“20 illik atəşkəs Azərbaycan üçün itirilmiş vaxtdır” Siyasət

“20 illik atəşkəs Azərbaycan üçün itirilmiş vaxtdır”

Telman Siyabov:"Ancaq ötən 20 ildə Azərbaycanın səbrli mövqe tutması beynəlxalq hüquqa əsaslanan siyasət aparmağa meyilli olduğunu göstərən bir amil kimi dəyərləndirilməlidir"

Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında "Bişkek protokolu"nun imzalanmasından 20 il ötür. Xatırladaq ki, Bişkek danışıqları o zaman MDB Parlament Assambleyasına rəhbərlik edən Rusiyanın təşəbbüsü ilə baş tutub. Mayın 4-5-də keçirilən Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Sonradan "Bişkek protokolu"nu Azərbaycan tərəfdən parlament sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının başçısı imzalayıblar.
Atəşkəs dövründə ATƏT sədrinin şəxsi nümayəndəsinin rəhbərliyi altında qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər keçirilir. Buna baxmayaraq, təmas xəttində atəşkəsin pozulması halları tez-tez qeydə alınır. Və bu zaman hər iki tərəfdən ölən və yaralananlar olur.
Qeyd edək ki, atəşkəsin 20 illiyi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar. Bəyanatda həmsədrlər bildiriblər ki, bu razılaşma birbaşa müharibəyə son qoydu, əvvəlki illərdəki faciəli zorakılıq dayandırıldı, sülhə zəmin yaradıb:"Əldə edilən sülh nəticəsində azərbaycanlıların və ermənilərin yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüdülər. Tərəflər gələcək nəsillərin qorunması üçün belə təcrübələrdən istifadə edərək əlindən gələni əsirgəməməlidirlər. Məsələnin qəti həllinin olmaması yüz minlərlə adamın davam edən köçkünlüyünə, beynəlxalq sərhəd və və təmas xətti boyunca zorakılığın eskalasiyasının daimi təhlükəsinin mövcudluğuna və bəzi dairələrdə status-kvonun sonsuz olaraq saxlana biləcəyi kimi yanlış fikrə gətirib çıxardı".
Bəyanatda daha sonra qeyd edilib ki, tərəflər həmsədr ölkələrin təklif etdikləri imkanlardan yararlanmağa və ya bu sülh prosesində irəliləyiş üçün zəruri olan siyasi qərarların qəbuluna böyük maraq göstərmirlər.
Bəs atəşkəs Azərbaycana nə verib? Daha neçə il "nə hərb, nə sülh" rejimi davam edəcək?
BAXCP-nin humanitar məsələlər üzrə katibi Telman Siyabov partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada deyib ki, ötən 20 ildə Azərbaycanın səbrli mövqe tutması beynəlxalq hüquqa əsaslanan siyasət aparmağa meyilli olduğunu göstərən bir amil kimi dəyərləndirilməlidir:"1994-cü ilin may ayından rəsmi Bakı aktiv sülh danışıqlarına başlayıb. Bu günə qədər də sülh danışıqlarına sədaqətini beynəlxalq birliyə sübut edib". Telman Siyabova görə, bunun nə vaxtsa sonu olmalı, Azərbaycanın itirilmiş torpaqları qaytarılmalıdır:"1994-cü il Azərbaycanın müstəqilliyinin 3-cü ili olub. Həmin 3 il ərzində itirə-itirə gəlib, müxtəlif təzyiqlərlə qarşılaşıb. Məsələn, 1992-ci ildə ABŞ-da Azadlığa Müdafiə Aktına 907-ci düzəliş edilib. Rusiyanın Dağlıq Qarabağ və Ermənistanda yerləşmiş hərbi hissələrindən Azərbaycanın torpaqlarının işğalında istifadə olunub. Qonşu İran Ermənistana ciddi dəstək verib. Baxmayaraq ki, 1992-93-cü ildə BMT Təhlükəsizlik Şurası torpaqlarımızın azad olunması barədə 4 qətnamə qəbul edib, onlar icra olunmayıb. Yəni Azərbaycan ötən 20 il ərzində bir dövlət olaraq özünə qarşı həm qonşularından, həm də beynəlxalq birlikdən Qarabağ probleminin həllilə bağlı hər hansı ciddi dəstək ala bilməyib. Amma beynəlxalq hüquqa hörmət edən bir dövlət kimi indiyə qədər öz mövqeyini saxlayıb və danışıqlar aparıb. Rəsmi Bakının dəfələrlə verdiyi bir bəyanat da diqqət çəkir. Bildirilir ki, sülh danışıqlarını davam etdirsək də, qarşılığını görmədiyimizə görə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başqa forma və metodlardan istifadə edə bilərik və bu hüququmuzu kimsə bizdən ala bilməz".
BAXCP katibi 20 illik atəşkəsi Azərbaycan üçün itirilmiş vaxt sayır: "Ümumiyyətlə, bu atəşkəsə riayət olunmasında bizim əldə etdiyimiz elə böyük qazanc yoxdur. Ən başlıcası torpaqlar hələ də işğal altındadı və aparılan danışıqların elə bir nəticəsi olmayıb. Bu vaxta kimi konfliktin həlli üçün ortada üç plan var ki, bu planları da tərəflər bəyənməyib. Bizim üçün atəşkəsin mənfi cəhətlərindən biri də o olub ki, bu 20 ildə xeyli əsgər və zabitimizi itirmişik. Baxmayaraq ki, bu illərdə konkret olaraq müharibə şəraiti olmayıb. Amma mütəmadi şəkildə atəşkəsin pozulması minlərlə vətəndaşımızın həlak olmasına gətirib çıxardı. Yəni, bu baxımdan itkimiz var. Ən böyük itki isə mənəvi itkidir. Çünki psixoloji cəhətdən illər keçdikcə bu münaqişənin həll olunmaması yaddaşlara da pis təsir edir. Ermənilər də çalışır ki, Qarabağ azərbaycanlıların şüurunda tədricən unudulsun".
20 illik atəşkəs müddətində Azərbaycanın qazandığı bəzi məsələlərin də olduğunu deyən Telman Siyabov ölkəmizin bölgəsəl layihələrə qatılmaqla, enerji resurslarını dünya bazarına çıxara bildiyini qeyd edib: "Son bir neçə ildə də artıq bununla bağlı əldə etdiyimiz qazanclardan hərbi gücümüzü artırmaq istiqamətində istifadə edirik. Hərbi sənayenin gücləndirilməsi istiqamətində də müəyyən planlar həyata keçirilir ki, bu artıq Azərbaycanın güc mexanizminin daha da möhkəmlənməsi deməkdir. Ümumilikdə götürdükdə isə, atəşkəsin Azərbaycanın maraqlarına uyğun olduğunu söyləmək çətindir. Məlumat verilir ki, prezidentlər yenidən görüşəcək. Ancaq mənim fikrimcə, bu görüşün də heç bir nəticəsi olmayacaq. Həticə o vaxta qədər olmayacaq ki, Azərbaycan konkret olaraq ortaya güc qomayacaq. Ermənistan bu gücdən çəkinməyənə kimi real nəticə gözləmək əbəsdir. Yəni, güc o demək deyil ki, mütləq biz savaşa başlamalıyıq. Ermənilər görsələr ki, Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan güclüdür o zaman nəticə çıxaracaqlar".
Telman Siyabov vurğulayıb ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün fəaliyyətini ciddi formada davam etdirməlidir: "Bu, Azərbaycan dövlətimizin möhkəmləndirilməsindən, ordu quruculuğunun gücləndirilməsindən, iqtisadiyyatın inkişafından, ölkədə tam demokratik mühitin yaradılmasından keçir".
O ki, qaldı ATƏT-in Minsk qrupunun həmsədrlərinin atəşkəsin 20 illiyi ilə bağlı verdikləri bəyanata, Telman Siyabov bu bəyanatı sıradan bir bəyanat adlandırıb. Eyni zamanda, həmin bəyanatda yer alan "əldə edilən sülh nəticəsində azərbaycanlıların və ermənilərin yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüdülər" fikrində bizimlə ermənilərin eyni aqibəti yaşamasının eyniləşdirilməsini qəbul etməyib:"Azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görməsə də, hər gün başqa bir dəhşəti yaşayırlar. Yurd yerlərinin işğalı nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan nənə və babalarının, ana və atalarının toraq, vətən həsrətlərini və bu həsrətin sonunun nə vaxt bitəcəyi zamanın məlum olmamasını, bir çox hallarda isə, zamanı belə gözləməyə ömürün çatmamasını görmələridir. Ermənilərin gənc nəslinəsə bütün bunların heç bir aidiyyatı yoxdur".