Cənubi Qafqaz-Avropa münasibətlərində Bakı-Paris xətti Siyasət

Cənubi Qafqaz-Avropa münasibətlərində Bakı-Paris xətti

Prezident İlham Əliyev: "Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib"
Fransua Olland: "Fransa ölkələrin ərazi bütövlüyünü, münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir"

"Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında öz liderlik rolunu oynayır". APA-nın verdiyi məlumata görə, bunu Fransa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Fransa ilə enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıqlarını söyləyən prezident İlham Əliyev deyib ki, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması üçün həyata keçirilən enerji layihələrinin dəyəri 45 milyard dollardır: "Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında lider rolunu oynayır. Enerji milli təhlükəsizlik məsələsinə çevrilib. Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib".
Prezident İlham Əliyev səfərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verəcəyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bircə bəyannamədə siyasi əlaqələrin konturları əksini tapıb və bu, çox mühüm sənəddir.
O bildirib ki, məsləhətləşmələr ölkələr arasında siyasi əlaqələri gücləndirir: "Son iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında Fransa ilə əməkdaşlıq edib. Bizim bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür".
Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu söyləyən prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: "Avropa Şurası və digər beynəlxalq qurumlar da sənədlər qəbul edib, ancaq işğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyasının iki səfərinin də yekununda bildirilib ki, həmin ərazilərdə yaşayış məntəqələri, abidələr dağıdılıb. Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə müqəddəratlarını təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İnanıram ki, Fransa və Minsk qrupunun digər həmsədrləri münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcək və münaqişə tezliklə həll olunacaq, insanlarımız torpaqlarına qayıdacaqlar".
Fransa prezidenti F. Olland isə müəyyən məsələlərin hələ də münaqişənin həllinə imkan vermədiyini vurğulayıb: "Azərbaycan və Ermənistana səfərim bu münaqişənin həlli yolunda səylərdir. Fransanın Azərbaycan və Ermənistanla dostluq əlaqələri var, biz ikisindən birini seçə bilmərik. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə münaqişənin həllinə yenidən baxmağı təklif etdik. Fransa daim münaqişənin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib. Biz Ukrayna məsələsini də qeyd edirik, prinsiplər vahid olmalıdır. Qarşıdakı günlərdə Ukrayna böhranı ilə bağlı qəti qərar qəbul edəcəyik".
Olland Bakıya səfərinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. O, hər bir ölkənin öz mövqeyini azad şəkildə bəyan etməsini istədiyini vurğulayıb: "Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var".
Prezident İlham Əliyev isə Azərbaycanla Avropa Birliyi arasında gözəl dialoqun olduğunu bildirib: "Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq".
Fransua Olland deyib ki, Fransa ölkələrin ərazi bütövlüyünü, münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Mən Azərbaycana xüsusi kontekstdə gəlmişəm. Ukrayna hadisələri baş verir. ATƏT-in Minsk Qrupunun üzvü kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. 20 il ərzində Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişlər olmayıb. Biz bu danışıqları Ermənistanda da davam etdirəcəyik. Fransa mərhələli yolla münaqişənin həllinə səy göstərir. Səylər etimadın olduğunu göstərir. Siz Dağlıq Qarabağa hansı statusu verməyə hazır olduğunuzu da göstərdiniz".
Fransa prezidenti Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramına diqqət çəkib: "Azərbaycanla Fransanın enerji tərəfdaşlığı sahəsində mövqeləri üst-üstə düşür. Azərbaycan bu gün ən böyük qaz təchizatını təmin edən ölkədir. Fransanın bir çox neft və qaz şirkətləri Azərbaycanın neft və qaz layihələrinə qoşulmaq istəyirlər. Görüşdə Fransa şirkətlərinə Azərbaycanda daha yaxşı şərait yaradılmasını müzakirə etdik. Tullantıların yandırılması, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq etmək istəyirik. Bu sahədə fransız şirkətləri təcrübələrini bölməyə hazırdır. Avropa Olimpiya Oyunları, Formula-1 və digər beynəlxalq yarış və tədbirlərin keçirilməsində də Azərbaycanla əməkdaşlığa hazırıq".
Mətbuat konfransında prezidentlər "Frans-Press" agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualını da cavablandırıblar.
Fransa prezidenti bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur.
F. Olland deyib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.
Prezident İlham Əliyev bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: "Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir".