“Ərəb dövlətinin Qətəri baykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq” Siyasət

“Ərəb dövlətinin Qətəri baykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq”

Sahib Alıyev: "Bu qarşıdurma prosesi də Amerikanın maraqları çərçivəsindədir"

"Bəzi ekspert rəylərinə baxıram, onlar Səudiyyə Ərəbistanıyla Qətər arasında baş qaldıran ziddiyyətlərin İranın marağına xidmət etdiyi və ABŞ-ın regionda mövqelərini zəiflədə biləcəyi düşüncəsindədirlər. Yanılış yanaşmadır. Unutmayın ki, Qətər deyəndə göz önünə ilk gələn Birləşmiş Ştatların Əl-Udeyddəki hərbi bazası olur. Yaxın Şərqdə 11 min nəfərlik heyəti olan və 17 ölkənin hava marşrutlarını nəzarətdə saxlayan ən böyük hərbi bazanı Amerika boşuna Qətərdə yerləşdirməyib. Sözü gedən baza ora 2003-cü ildə məhz Səudiyyə Ərəbistanından köçürülüb ki, bununla da rəsmi Vaşinqton bölgədə kimi özünə daha yaxın müttəfiq saydığını ortaya qoyub".
Bu fikirləri millət vəkili, politoloq Sahib Alıyev öz facebook səhifəsində qeyd edib. O bildirib ki, ona görə də başda Səudiyyə olmaqla bir neçə ərəb dövlətinin Qətəri baykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq: "Əmin ola bilərsiniz ki, bu qarşıdurma prosesi də Amerikanın nəzarəti altındadır və elə həm də maraqları çərçivəsindədir.
Ərəblər arasında ziddiyyətlərin qızışmasının kökündə indi də təriqət fərqliliyi durur. Bəli, məzhəb də deyil, təriqət. Demək, müsəlmanların məzhəb fərqliliyinə görə 2 yerə parçalanması azlıq edir. Təriqətçiliyə dayanaraq 73 yerə parçalanmalıdırlar. Heç maşallah olmasın!
Yeri gəlmişkən, Mursi devrilərkən baş verən hakimiyyət dəyişikliyinə Səudiyyə Ərabistanıyla Qətərin fərqli yanaşması və Misirlə regionun adının çəkmək istəmədiyimiz başqa bir böyük dövlətinin arasında ziddiyyətlərin yaranması da elə bundan qaynaqlanırdı.
Bir sözlə, Yaxın Şərq ölklələri məzhəb ayrılığından, indi də təriqət fərqliliyi çəkişmələinə baş vurublar və bu da qərbdəki bəlli çevrələrin heç də maraqlarının əleyhinə yönəlməyib, əksinə elə maraqlarına xidmət edir. İranın Qətəri guya öz qanadları altına almağına gəldikdə isə Qətər çoxdan qanad altındadır. Özü də İranınkından çox-çox böyük və güclü bir qanad altında. Rəsmi Tehran da bunun yaxşı fərqindədir. Sadəcə, Qətərə dəstək bəyanatları verməklə məzhəb davası apardığı Səudiyyəni qıcıqlandırmağa çalışır, vəssalam".