“Ermənilər onu da yaxşı analayır ki....” Siyasət

“Ermənilər onu da yaxşı analayır ki....”

Zahid Oruc:"Azərbaycan tərəfi hərbi sahədəki bu üstünlüyü siyasi müstəvidə aparılan danışıqlar masasına daşımaq istəyir"

Üzeyir Cəfərov: "Ermənistanda psixoz vəziyyət yaranıb"

"2016-cı il aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi heç bir hədəfə uyğun olmayan, həmçinin real danışıqlar bazasına uyğun gəlməyən bir şəraitdə keçir". Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri cəbhə xəttində gərginliyin artması fonunda baş tutdu: "İndiyədək adətən rəsmi binalarda danışıqlar keçirilərkən cəbhə xəttində bir qədər sakitlik hökm sürürdü. Yəni silahlar susurdu, diplomatlar danışırdı. Ancaq son dövrlərdə vəziyyət dəyişib. Belə olan şəraitdə həmsədrlərin bölgəyə səfərini və fəaliyyətlərini sülh planının gətirilməsi kimi deyil, əksinə cəbhə xəttində hansısa formada gərginliyin azaldılmasına yönəldilməsi kimi dəyərləndirmək lazımdır". Həmsədrlərin regiona növbəti səfərini bundan öncəki səfərlərdən fərqləndirən cəhətinə diqqət çəkən deputat bildirib ki, həmsədrlər iyunun 12-də İrəvana, daha sonra Xankəndinə və Azərbaycanın işğal olunmuş əraziləri olan Kəlbəcərə, Qubadlı və Zəngilana səfər ediblər: "İlk dəfə idi ki, həmsədrlər belə bir geniş trayektoriyanı əhatə edən səfəri reallaşdırıblar. Burada həmsədlərin məqsədi nə idi, bu hansı hədəfə xidmət edirdi. Yoxsa ATƏT-i və öz ölkələrini real vəziyyət barədə məlumat vermək?! Bu baxımdan həmsədrlərin regiona səfəri diqqət çəkən məqamdır". Həmsədrlərin Bakı səfərinin da onlar üçün elə də rahat keçmədiyini dilə gətirən millət vəkili bildirib ki, Azərbaycan prezidenti həmsədrlərlə görüşündə daha sərt siyasi mövqe sərgiləyərək, danışıqlar prosesində Ermənistan tərəfinin danışırlarda real predmet üzrə müzakirələr aparmaq əvəzinə, təhlükəsizlik məsələsini ortaya atması danışıqlar prosesini pozması deməkdir: "İrəvanın bu məsələni ortaya atmaqda məqsədi açıq şəkildə ATƏT Minsk Qrupunun həmsədrlərini şantaj etməkdir".
Millət vəkili həmçinin, bir çoxlarının son dövrlərdə cəbhə xəttində vəziyyətin gərginləşməsində Rusiyanın əlinin olması ilə bağlı səslənən fikirlərlə razılaşmadığını dilə gətirib və bildirib ki, Rusiya bölgədə hərbi gərginlyin artmasında maraqlı deyil: "Çünki Rusiya Qarabağda hərbi gərginliyin nəticədə öz ərazisinə, xüsusən də Şimali Qafqaza keçməsindən ehtiyat edir. Ona görə ki, elə birinci Qarabağ savaşı zamanı bölgədəki hərbi gərginlik Şimali Qafqaza sirayət etmişdi və Rusiya bunun altını xeyli çəkməli oldu. Odur ki, Rusiya hər vəchlə Qarabağda hərbi gərginliyin artmasında maraqlı deyil və cəbhə xəttindəki gərginliyin artmasının Rusiya ilə bağlanması fikri yanlışdır".
Millət vəkili hesab edir ki, gərginliyin artmasında maraqlı tərəf İrəvandır: "Ona görə ki, İrəvan 2016-ci aprel hadisələrindən sonra cəbhədə hərbi status-kvonun dəyişdiyinin fərqindədir və hazırkı durumu öz xeyirlərinə dəyişmək üçün ciddi səy göstərir. Ermənilər onu da yaxşı analayır ki, Azərbaycan tərəfi hərbi sahədəki bu üstünlüyü siyasi müstəvidə aparılan danışıqlar masasına daşımaq istəyir. Ermənistan Bakının status-kvonu dəyişmək istiqamətindəki səylərini gördüyündən, məkrli planlara əl atır. Bunun üçün də ermənilər cəbhə xəttində təxribatlar törədib gərginliyi artırmaqla Azərbaycanın cəzalandırılmasına nail olmağa çalışır. Bununla da Azərbaycanın müharibə hüququnu əlindən almaq istəyir. İrəvan hazırda bu versiya üzərində fəaliyyət göstərir və bu göz qabağındadır. İrəvan bu yolla cəbhə xəttində baş verən hər insidentə görə, ATƏT-in yoxlama komissiyasının gəlməsini və bununla bağlı qiymət verməsini istəyir. Bu olla Azərbaycan "qırmızı vərəqə" verilməsinə çalışır. Bax, İrəvanın hazırki xarici diplomatik kursu bu istiqamətə yönəlib. Bu yolla Azərbaycanın müharibə hüququnu əldən almaqla, ölkəmizə qarşı hansısa sanksiyaların tətəbiqini istəyirlər. Ermənilər bu yolla hətta Dağlıq Qarabağdan kənar Ağdam, Fizuli və digər ərazilərdə atılan güllələrin hesabını bizdən sormaq istəyir". Onun fikrincə, erməniləri belə bir kurs seçməsinə ruhlandıran hadisə ATƏT-in Minsk Qrupu həmsədrlərinin may ayında Silahlı Qüvvələrimizin Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərə məxsus "OSA" ZRK-nın vurulmasından sonra verdiyi bəyanat olub: "O zaman həmsədrlər Azərbaycanı hədəf seçən, ermənilərin təbrincə desək, ünvanlı bəyanat səsləndirməsi erməniləri şirnikləndirib. Elə bu səfər çərçivəsində də həmsədrlər münaqişənin həlli ilə bağlı konkret hansısa məsələni yox, məhz cəbhə xəttində gərginlyin azaldılması ilə bağlı tərəflərə səsləndi". O, deyib ki, artıq biz həmsədrlərin missiyalarına uyğun olmayan fərqli fəaliyyətlə məşul olduğunun şahidi oluruq: "Odur ki, həmsdərlər də fərqli fəaliyyətlərinin fərqində olmalıdırlar. Bilməlidirlər ki, 3-5 il bundan öncə Bakıda və ya İrəvanda olan cəbhə xəttində sakitlik hökm sürürdüsə, indi şərait dəyişib". Z.Oruc onu da əlavə edib ki, ermənilər cəbhə xəttində bundan sonra da gərginliyin artırılması istiqamətində təxribat xarakterli hərəkətlərini gücləndirəcəklər: "Ermənilərin bu təxribatları müxtəlif diversiya və müxtəlif xarakterli həmlələr formasında ola bilər. Ancaq Azərbaycan ermənilərin istənilən təxribatlarına cavab verməyə hazırdır". Millət vəkili bildirib ki, həmsədrlər bölgədə vəziyyətin bir daha alovlanmasını istəmirlərsə, münaqişənin həlli istiqamətində real addımlar atmağa başlamalıdır: "Hesab edirəm ki, yaranmış son durum həmsədləri müəyyən mənada hərəkətə gətirəcək və gərginliyin azaldılması istiqamətində müəyyən fəaliyyətlər göstəcəklər".
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əslində baş verən hadisə demək olar ermənilərin iç üzünü göstərir: "Çünki onlar həm danışıqlar prosesində iştirak edirlər, həm Azərbaycanın işğal olunmuş ərazilərində təxribat xarakterli hərəkətlər həyata keçirirlər. Bu dəfə isə əsgərlərimizin ayıq-sayıqlığı onları çox pərt edib. Onlar onsuz da ardıcıl uğursuzluqlardan sonra çox əsəbi idilər. Son günlər verdikləri itkilərin, yaralıların sayının çox olmasına görə Ermənistanda psixoz vəziyyət yaranıb. Üstəgəl erməni kəşfiyyatçısının da ələ keçməsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında konkret məsələ qoymalıdır ki, Ermənistanın beynəlxalq hüquq və normaları münasibəti əslində budur və ona qarşı konkret tədbirlər görülməli, təzyiq edilməlidir. Hamı gözəl bilir ki, Ermənistan və beynəlxalq hüquq normaları ayrı-ayrı məfhumlardır. Əslində ermənilər çoxdan işğal etdikləri əraziləri tərk edib getməli idilər, amma bu günədək xislətlərindən əl çəkmirlər, üstəlik təxribatlar da törədirlər".
Ekspertin fikrincə, Azərbaycanın həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də ümumilikdə dünya ictimaiyyətinə erməni həyasızlığının mahiyyətini çatdırsa, daha yaxşı olar: "Çünki ermənilər bu cür təxribatları bundan sonra da davam etdirəcəklər. Bu dəfə bəxtləri gətirməyib. Çünki həm əsəbi, həm də çaşqın vəziyyətdədirlər. Bu faktın özü və Silahlı Qüvvələr Günü öncəsi düşməni belə məyus, pərt etmələri ordumuz üçün böyük stimuldur. Azərbaycan əsgərinə bir daha eşq olsun!"
Ü.Cəfərov qeyd edib ki, erməni ordusu Ermənistan rəhbərliyindən konkret tapşırıq alıb: "Tapşırıq budur ki, onlar bu ərəfədə Azərbaycan Silahlı Qüvvələrini məyus etmək üçün nəyin bahasına olursa-olsun, hansısa təxribat-diversiya xarakterli hərəkətlər törətməli, bizə zərbə vurmalıdırlar. Lakin niyyətləri öz başlarında çatladı. Onlar fikirləşiblər ki, Azərbaycan Silahlı Qüvvələri təlim keçirir, başı ora qarışıb. Amma onlar unudublar ki, Azərbaycan əsgəri ön xətdə 24 saat düşmənin bütün hərəkətlərinə nəzarət edir və lazım olan addımları atır. Əlbəttə ki, ermənilərin kəşfiyyat-diversiya qrupu ərazilərimizə elə-belə gəlməyib. Onlar ola bilsin ki, əsgərlərimizə xətər yetirmək, ön xətdə olan mövqelərimizdə müəyyən təxribatlar törətmək istəyiblər. Amma Azərbaycan Ordusunun cavabı çox amansız və sərt olub".