Çindən Azərbaycana gələnlərin sayı 70% artıb İqtisadiyyat

Çindən Azərbaycana gələnlərin sayı 70% artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10 faiz artıb.

Qeyd edilib ki, gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.