Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir Cəmiyyət

Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir

Mayın 19-da Azərbaycan Respublikasının Baş Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin X görüşü keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılış mərasimində iştirak edən Baş prokuror Kamran Əliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm nailiyyətlərə toxunub.

Baş prokuror bu sahədə riskləri minimallaşdırmaqla vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə cəmləyən “ASAN xidmət” modeli, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi barədə ətraflı məlumat verib, habelə xarici nümayəndələrə Azərbaycanın digər institusional, hüquqi və praktiki yanaşmalarını izah edib.

Kamran Əliyev ötən il Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş GlobE Şəbəkəsinin növbəti plenar iclasında bugünkü görüşün Bakı şəhərində keçirilməsi barədə qəbul edilən qərara və Azərbaycan Respublikasının İdarəetmə Komitəsinə üzv seçilməsinə görə üzv dövlətlərin nümayəndələrinə minnətdarlığını bildirib.

GlobE Şəbəkəsinin fəaliyyətinə də toxunan Kamran Əliyev, hazırda 126 ölkədən 235 hüquq mühafizə orqanının fəaliyyətini əlaqələndirən bu beynəlxalq təşkilatın korrupsiya cinayətlərinin qarşısının alınması və araşdırılmasında çevik, işlək və praktiki həllər təqdim etdiyini söyləyərək, Azərbaycan Respublikasının həmin qlobal təsisatın inkişafına verdiyi dəstəyi vurğulayıb.

Açılış mərasimində çıxış edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Brigitte Strobel-Şav, GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Sədri Nasser Abaalkail və Sədr müavini Boni de Moraes Soares tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və Şəbəkənin ötən dövrdə həyata keçirdiyi işlərdən, həmçinin İdarəetmə Komitəsinin cari görüşündə müzakirə olunan məsələlərdən söz açıblar. Görüşdə yeni üzvlərin qəbul edilməsi, kommunikasiya xidmətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə olunub.

Daha sonra tədbirin gündəliyinə uyğun olaraq İdarəetmə Komitəsinin seçilmə mexanizminin təkmilləşdirilməsi, korrupsiya cinayətlərinin araşdırılmasında ölkələrarası məlumat mübadiləsinin modeli və Şəbəkənin üzv ölkələrinin yerli təcrübələrinin müsbət formalaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə üzvləri müvafiq sənəd layihələrinin məzmununu təkmilləşdirib və gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək üçün qərarlar qəbul ediblər.

Baş prokuror Kamran Əliyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) prezidenti Mazin Bin İbrahım Əl-Kahmus ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan əlaqələrin və hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub. Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.

Mazin Bin İbrahım Əl-Kahmus isə Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlərdən və hüquqi mexanizmlərin gücləndirilməsinə verdiyi önəmdən danışıb. O, beynəlxalq əməkdaşlıq, xüsusilə GLOBE Şəbəkəsi çərçivəsində təcrübə və məlumat mübadiləsinə açıq olduqlarını və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini bildirib.

Sonra qonaqlar Baş Prokurorluğun Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.

Görüşdə, həmçinin Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.