

Sabir Rüstəmxanlı- 79
Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli- hər birindən payı verilib. Ziyalıdır- haqqı deməkdən çəkinmir. Ölməzdir- adı özündən çox yaşayacaq…
İnternetdə belə bir proqram var- dünyanın hər hansı bir ölkəsinin hansı bölgəsini istəyirsənsə, həmin yerin adını yazıb orada ən məşhur adamın adını öyrənə bilirsən. Həmin proqram göstərir ki, Azərbaycanın Yardımlı rayonundan çıxan ən məşhur adam- Sabir Rüstəmxanlıdır. Mayın 20-si bu məşhur adamın 79 yaşı tamam olur...
Onun yaratdığı partiyanı hökumətyönlü müxalifət partiyası kimi qələmə verib, gah "cib müxalifəti", gah da "avtobus müxalifəti" adlandırsalar da, o, yalnız sovet hökumətinə qarşı müxalifətdə olub və həmin hökumətin Azərbaycanda süqutuna min bir əziyyətlə uzləşib nail olanlardan biridir. Sözsüz ki, Sabir Rüstəmxanlı heç vaxt yaradılmasında iştirak etdiyi dövlətə qarşı müxalif ola bilməz…
Dövlət mülki təyyarəyə bənzəyir, onu bu gün idarə edən heyəti, sabah başqa bir heyət də əvəz edə bilər. Biz sükan arxasında olan hər hansı bir heyətin işini bəyənməsək də, təyyarəni göz bəbəyimiz kimi qorumağa borcluyuq. Həmin təyyarənin bizi mənzilə çatdırmasına görə isə, onu idarə edən heyətin işinə qəti mane olmamalıyıq. Əks halda...
Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu "Ömür kitabı" əldən-ələ gəzirdi. Hər kəsin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu kitabı insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…
Onun Azərbaycan mətbuatında da böyük xidmətləri var. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu "Azərbaycan" qəzetinin o dövrdə misli-bərabəri yox idi. Təsəvvür edin, adamlar heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri həmin qazetdən tapırdılar…
O, deputat kimi də gərəksiz olmayıb. Tez-tez təmsil etdiyi rayonlara yol tutar, insanların xeyir-şərində iştirak edər, əhalinin problemlərini dilə gətirərdi…
Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan tanıdıqlarının, hətta tanımadıqlarının, eləcə də yurddaşlarının da həmişə xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı ev sahibinə qürur verib, baş ucalığı gətirib…
Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi, əl tutduğu onlarla adam tanıyıram. Onların zirvələri fəth etməsində necə deyərlər, məhz o bələdçi olub, təkan verib…
Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar xalqın ən layiqli övladlarıdır, nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…
Onu sevməmək günahdır. "Ömür kitabı"ndan sonra heç nə etməsəydi belə, onun bu xalqın içində başıdik gəzməyə haqqı var. Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi…
Bəli, onu Allah da sevir. Ucqar bir dağ rayonunun əlçatmaz bir kəndindən üstü nimdaş bir kənd uşağını gətirib Sabir Rüstəmxanlı zirvəsinədək yüksəldən, Allaha şükür!..
Lazım deyil nə diqqəti, nə qayğısı,
Süfrəmizin başındadır, bəsimizdir...
Böyük qardaş yaşayırsa xoşbəxtlikdir,
O, həm bizik, həm də bizim SƏSimizdir...
79 yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu