

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
***
11:24
Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.
***
10:07
Bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.
Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur layihəsi, ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası, saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətinin İdarə edilməsi Qülləsi (“ATC Tower”) uçuşların beynəlxalq norma və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə hava limanı, bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
İndiyədək işğaldan azad edilmiş ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.