

“Azərbaycan, Türkiyə və Pakistan liderlərinin 28 May Müstəqillik Günündə Laçında görüşü faktı özü-özlüyündə bütün dünyaya verilmiş mesaj idi. Bu görüş dərin tarixi, dini və mənəvi köklərə bir-birinə bağlı olan üç ölkənin xüsusilə son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlığının möhkəmləndirildiyinin göstəricisidir. Məlumdur ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir və indi Müstəqillik Günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilliyinə və suverenliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Politoloq əlavə edib ki, digər tərəfdən həm Türkiyə, həm də Pakistan işğal dövründə də Azərbaycana verdikləri dəstəklə və eləcə də 44 günlük Vətən savaşında bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri ilə ölkəmizə qarşı olan hücumlarda yanımızda olduqlarını sübut ediblər: “Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya Qarabağ Azərbaycandır mesajının verilməsini ehtiva edir. Elə cənab Prezident də öz çıxışında "əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" deməklə əslində Azərbaycan-Türkiyə-Pakistan birliyini düzgün qiymətləndirməklə bağlı çağırış etmiş oldu”.
Y.Bağırzadə cənab Prezidentin çıxışında bir sıra mühüm məsələlərə toxunduğunu deyərək vurğulayıb ki, onlardan biri Azərbaycan ərazilərinin sovet Rusiyası tərəfindən Ermənistana birləşdirilməsi ilə bağlı oldu: “Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır deyən ölkə başçısı xalqımızın iradəsi və qardaş xalqların dəstəyinin bizə güc verdiyini və iradəmizi gücləndirdiyini vurğuladı. Prezident həmçinin ölkəmizin uzun illər ərzində erməni təcavüzü ilə üz-üzə qaldığını, Laçın rayonunun işğalı və dinc əhaliyə qarşı həyata keçirilən vəhşiliklər və ən nəhayət 44 günlük Qarabağ savaşındakı qələbəmizlə bağlı ərtaflı çıxış etdi. Prezidentin çıxışı Azərbaycanın öz torpaqlarının bir qarışını belə kiməsə güzəştə getmədiyini və ayrı-ayrı güclərin mövqelərinə baxmayaraq ərazi bütövlüyümüzü və suverenliyimizi sonacan müdafiə etmək iqtidarında və əzmində olduğumuzu beynəlxalq birliyə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu bəyanatların Türkiyə və Pakistan liderlərinin iştirakı ilə səsləndirilməsi isə ölkəmizlə bağlı və ümumiyyətlə regionla bağlı müxtəlif ssenarilər cızan ölkələrə verilmiş mesaj oldu deyə bilərik. Ümumiyyətlə isə Laçında keçirilən Sammit və hər üç ölkə liderinin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı əbədidir və bu birlik bundan sonra daha da möhkəmlənərək beynəlxalq münasibətlər sistemində müttəfiqlik və dostluq nümünəsi olaraq öz yerini möhkəmləndirəcək”.
Röya İsrafilova