Britaniya ordusu rəqəmsal silahlanmaya 1 milyard funt ayırır Dünya

Britaniya ordusu rəqəmsal silahlanmaya 1 milyard funt ayırır

Böyük Britaniya Ukraynadakı müharibədən çıxarılan dərslər əsasında silahlı qüvvələr üçün rəqəmsal idarəetmə sistemlərinin yaradılmasına 1 milyard funt sterlinqdən (təxminən 1,4 milyard ABŞ dolları) çox vəsait ayıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bloomberg” Müdafiə naziri Con Hiliyə istinadla xəbər verib.

Yeni sistem donanma, hava və quru qüvvələrinin əməliyyatlarını real vaxt rejimində əlaqələndirməyə imkan verəcək və hədəflərin daha sürətli aşkarlanaraq məhv edilməsini təmin edəcək. Con Hili bildirib ki, Ukraynadakı münaqişə göstərdi: qələbə texnoloji üstünlük və yeniliklərin tez tətbiq olunmasından asılıdır.

“Gələcək müharibələri ən yaxşı əlaqələndirilmiş və yenilikləri daha sürətlə tətbiq edən qüvvələr qazanacaq. Yeni sistem bizə görünməmiş sürətlə hərəkət etmək imkanı verəcək”, – deyə o qeyd edib.

Mayın 15-də “Reuters” agentliyi Britaniya hökumətinə istinadla bildirib ki, Böyük Britaniya və Almaniya birgə şəkildə yüksək dəqiqlikli silahlar yaratmaq niyyətindədir.

Bu layihə 2024-cü ildə Londanla Berlin arasında imzalanmış müdafiə sazişinə əsaslanır. Həmin sənəddə hər iki ölkə Avropanın Ukraynadakı münaqişənin istənilən gərginləşməsinə qarşı özünü müdafiə edə biləcək gücdə olması vacibliyini vurğulamışdı.

Məryəm Quliyeva