

Pakistan Baş naziri Şahbaz Şərif Hindistanla qarşıdurma zamanı dəstəyə görə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür edib.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistanın hücumuna məruz qalanda əziz qardaşım Prezident İlham Əlyiev və Prezident Rəcəb Tayyib Ərdoğan, bu ölkələrdəki bacı və qardaşlarımız dərhal Pakistanı dəstəklədilər. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, 3 qardaş ölkə bir ailə olaraq çətin anda bir araya gəldi. Biz əziz qardaşım Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini heç vaxt unutmayacağıq. Mən bunun əvəzini heç vaxt çıxa bilmərəm, Allah özü bu qardaşlığa və səmimi dəstəyə görə mükafatlandıracaq ”, - deyə Pakistan Baş naziri vurğulayıb .