Abbas Abbasov: Əsas məqsədimiz kolonializmlə mübarizəni yeni müstəviyə daşımaqdır Siyasət

Abbas Abbasov: Əsas məqsədimiz kolonializmlə mübarizəni yeni müstəviyə daşımaqdır

"Bu cür elmi konfransların təşkilində əsas məqsədimiz kolonializmlə mübarizəni artıq yeni müstəviyə daşımaqdan ibarətdir".

Bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.

Bugünkü beynəlxalq konfrans Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya istiqamətində fəaliyyət göstərən ekspertlərinin iştirakı ilə xüsusən əlamətdardır:

"Əsas məqsədimiz kolonializmlə mübarizəni artıq yeni müstəviyə daşımaqdan ibarətdir. Biz BMT-də keçirdiyimiz beynəlxalq konfranslar zamanı orada fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişik. Düşünürəm ki, Bakı Təşəbbüs Qrupu olaraq gələcəkdə onlarla şəbəkələşmə yaradıb, müstəmləkəçiliklə elmi cəhətdən mübarizə aparacağıq".

Onun sözlərinə görə, belə beynəlxalq tədbirlər sayəsində müstəmləkə əsarətində olan bütün ərazilərin səsi dünya ictimaiyyətinə çatdırılıb:

"Bildiyiniz kimi əsas cari problemlərdən biri o idi ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemləri nə beynəlxalq təşkilatlarda eşidilir, nə də ictimaiyyətin diqqətinə çatdırılırdı. Son statistik göstəricilər deməyə əsas verir ki, müstəmləkə əsarətində olan bütün ərazilərin səsi dünya ictimaiyyətinə çatdırılıb. Artıq bir sıra digər ölkələr də müstəmləkəçiliklə mübarizəyə dəstək göstərir, bəziləri isə reaksiyalar verir".