“Xəzərin hüquqi statusuna dair sənədin 80 faizi razılaşdırılıb” Siyasət

“Xəzərin hüquqi statusuna dair sənədin 80 faizi razılaşdırılıb”

"Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu fəaliyyət göstərir. Hələlik yekun konsensus əldə etmək mümkün olmasa da, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb".
Bunu RİA "Novosti" agentliyinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir yekun sənədin 70-80 faizinin artıq razılaşdırıldığını bildirib.
"Xəzər dənizi ayırıcı yox, birləşdirici sərvətimizdir. Müsbət haldır ki, Xəzəryanı ölkələr addım-addım, səylərini birləşdirərək, həllə yaxınlaşır. Baxmayaraq ki, hüquqi status hələlik müəyyənləşməyib, Xəzərin flora və faunasının saxlanması, fövqəladə hallarda qarşılıqlı yardım, terrorla mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri üzrə hüquq baza artıq formalaşdırılıb.
Bu baza bizə əsas verir ki, Xəzərin yekun hüquq statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyək", - deyə nazir qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesə münasibət bildirən Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə konkret planı müzakirə etmək lazımdır.
Elmar Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: "Görüş münaqişənin həlli prosesində mühüm elementdir".
Lakin nazir vurğulayıb ki, bu görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir: "Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır".