“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” Siyasət

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, səlahiyyət müddəti başa çatan səfir M.Mardın ölkəmizdə səmərəli fəaliyyətini qeyd edib.
Hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər.
Nazir ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qarsdəmiryolu layihəsində fəal iştirak etdiyini vurğulayıb.
Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd edilib və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri müzakirə edilib. Ölkəmizdə şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edildiyini qeyd edən Ş.Mustafayev bunun şərab məhsullarının, xarici ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə ixracının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb. Səfir M.Mardın fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdirmə sazişləri imzalanıb. Görüşdə Avropa İttifaqı və üzv ölkələrlə müxtəlif tədbirlərin keçirdiyi, Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumlarının iş adamları arasındakı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə məlumat verib, ölkəmizin Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı səfiri M.Mard Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.