
İran viran olur
18 İyun 23:23
Musa Qasımlı: “Hər şey dövlətlərin bundan sonrakı davranışlarından asılıdır”
“Qonşuluğumuzda baş verən hadisələrə münasibət bildirməyimi istəyən media nümayəndələri üçün Azərbaycan dilində birinci cildi 18 il əvvəl - 2007-ci ildə, ikinci cildi 2008-ci ildə Bakıda, rus dilində birinci cildi 2008-ci ildə, ikinci cildi 2010-сu ildə Moskvada, türk dilində birinci cildi 2013-cü ildə Ankarada, ikinci cildi 2012-ci ildə İstanbulda çap edilmiş “SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək” adlı irihəcmli monoqrafiyamın bir neçə səhifəsini rus və Azərbaycan dillərində sosial şəbəkə hesabımda paylaşmışam.
Həmin şəxslərə bir tarixçi olaraq deyirəm ki, tarixi bilmək vacibdir”.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı deyib.
Millət vəkili diqqətə çatdırıb ki, amma bütün məsələləri tarixə istinadən təhlil edib nəticələr çıxarmaq doğru olmaya bilər, şərait dəyişir: “Qonşuluğumuzda müharibənin getməsi pis haldır. Yaxşı odur ki, Azərbaycan sabitsizlik dənizində sabitlik adasıdır. Bizim üçün ən başlıcası milli-dövlət maraqlarımızın qorunması, yeni milli ideyamızın həyata keçirilməsi, bizi hansı qütbdən olursa-olsun təhdid edənlərin və təhdid etməyə çalışanların daim zəif olmaları, böyük güclərlə düşmənçilik şəraitində yaşamaları, düşdükləri bataqlıqdan çıxa bilməmələri, başlarının özlərinə qarışması və bizə möhtac olmalarıdır.
Yaranmış şəraiti düzgün qiymətləndirməkdən ötrü bəzi məsələləri dərindən təhlil etmək faydalı olardı:
- qarşımızda dayanmış çox böyük bir tabloya diqqətlə baxmaq, ilk baxışda görünməyən, arxada gizlənən və dərin məna daşıyan bütün cizgiləri görmək zəruridir. Heç də hər şey göründüyü kimi sadə deyildir, dünya daha böyük müharibənin astanasındadır. Hər şey dövlətlərin bundan sonrakı davranışlarından asılıdır;
- müharibəni başlayan tərəf heç bir zaman qısa və uzunmüddətli planlama aparmadan addım atmır. Tarix boyu müharibəyə xərc çəkən dövlət başqalarının deyil, özünün maraqlarını güdür, onu da sonradan artıqlaması ilə götürür, məğlub etdiyi ölkədə rejimi dəyişir, təbii sərvətlərini ələ keçirməkdən, “almanı bütöv yeməkdən” ötrü onu etnik əlamətlərə görə parçalayıb özünə əlavə problemlər törətmir, dərhal sabitlik yaratmağa kömək edir. Amma rejim dəyişdikdən sonra da çoxlu problemlər yarana bilər;
- baş verənlər bir neçə on il əvvəl planlaşdırılmış “Böyük Orta Doğu layihəsi”nin həyata keçirilməsi deyilmi? Bu layihənin nədən ibarət olduğuna diqqət yetirmək lazımdır. Hadisələr regionun xəritəsinin yenidən cızılmasına, yeni zəif bir dövlətin yaradılmasına gətirib çıxarmayacaqmı? Onun nəticələri necə ola bilər?
- proseslər apardığı müharibədə cənubdan silah alan şimal qonşumuzun xarici təminatdan məhrum edilərək məğlubiyyətə uğradılması, Yaxın və Orta Şərqdən tamamilə sıxışdırılıb çıxarılması məqsədi daşımırmı? Hələ XX əsrin 80-ci illərində Sov. İKP MK Siyasi Bürosunun iclaslarının birində Suriyadakı şərait müzakirə edilərkən sovet rəhbəri deyir ki, bizim Yaxın, Orta Şərqdən çıxmağımız mövqelərimizi itirməyə gətirər, hansı vasitələrlə olursa-olsun biz orada qalmalıyıq. Amma indiki şəraitdə orada qalmağa imkan varmı?;
- cənub qonşumuzla geniş iqtisadi, enerji əlaqələri olan Çinin zəiflədilməsi niyyəti güdülmürmü və s.”.
Millət vəkili həmçinin əlavə edib: “Monoqrafiyalarımdan təqdim etdiyim səhifələrin qısa məzmunu aşağıdakılardan ibarətdir. 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan yeni rejim ABŞ, SSRİ və İsraili “üç şeytan” elan etdi. “Şeytan”lardan biri elan edilməsinə baxmayaraq, cənub sərhədlərindən ABŞ-ın və İsrailin qovulmasından məmnun qalan SSRİ yeni rejimlə əməkdaşlıq etdi. Çünki Sovet İttifaqı ABŞ-ın yerləşdiyi, mövcud olduğu İranla deyil, zəif bir İranla qonşu olurdu.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən, zəngin təbii sərvətləri olan İran neftinin 40%-də payı olan ABŞ-ın bu ölkədən vurulub çıxarılması ağır şərait yaratdı. ABŞ NATO-da müttəfiqi olmasına baxmayaraq, əgər inqilabdan əvvəl Türkiyəyə çox diqqət yetirmirdisə, inqilabdan sonra Türkiyəyə daha çox möhtac oldu, çıxarılan qüvvələrinin bir hissəsini orada yerləşdirdi.
Türkiyə özünün milli maraqlarını əsas götürərək İran işlərinə müdaxilə etmədi. Çünki qonşuluğunda Qərblə düşmən olan zəif bir yeni rejim qurulmuşdu. Onun yenidən nə zaman güclənəcəyi bəlli deyildi. 1980-ci il 12 sentyabrda Türkiyədə hərbçilər çevriliş etdilər. Amerikan siyasətçilərindən biri demişdi: “Bizim uşaqlar bu işi bacardılar”. Çevrilişdən sonra Kənan Evren hakimiyyətə gəldi. ABŞ-da Dünya Bankında işləmiş Turqut Özal bir müddət sonra Baş nazir seçildi. ABŞ-ın Yaxın, Orta Şərq siyasətində Türkiyənin rolu artmağa başladı.
Düşmən elan edilənlərin bəziləri İraqla müharibədə İrandakı yeni rejimə yardım edərək hər ikisini, o cümlədən ərəb millətçiliyini zəiflətdilər.
Bunun əksi yarandıqda mənzərə necə olar?”.