Ermənistandan sülh açıqlamaları: önəmli olan əməli addımlardır Siyasət

Ermənistandan sülh açıqlamaları: önəmli olan əməli addımlardır

Sülh danışıqları istiqamətində daha çox Azərbaycan səy göstərir. Ermənistan isə açıqlamalarla kifayətlənir. Amma Ermənistanın manevr imkanları da getdikcə daralır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib ki, Ermənistan Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır: "Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Biz Azərbaycanla danışıqlar aparırıq".
A.Mirzoyanın sözlərinə görə, tərəflər sülh sazişinin layihəsi üzrə razılığa gəliblər: "İndi biz bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq".
Ermənistan nə qədər səmimidir və bu istiqamətdə addımlar atırmı?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

“Ermənistandan əməli addımlar görmürük”

Politoloq Oqtay Qasımov bildirib ki, biz Ermənistandan zaman-zaman sülh ilə bağlı açıqlamalar görürük, amma önəmli olan açıqlamalar deyil, əməli addımlardır: “Amma biz Ermənistandan açıqlamalardan fərqli olaraq real, irəliyə doğru atılan addımları görmürük. Şübhəsiz ki, Ermənistan əslində başa düşür ki, Azərbaycanla sülh şəraiti olmadan, onun özünün dövlət olaraq bölgədə maraqları təmin olunmayacaq”.
Politoloqun sözlərinə görə, ona görə də xüsusilə son dövrlər kəskinləşən geopolitik mənzərə Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin normallaşmasına vadar edir: “Bu baxımdan söhbət səmimiyyətdən yox, sadəcə olaraq hələlik ritorik bəyanatlardan gedir. Biz o zaman bu məsələnin nə qədər konstruktiv və səmimi olduğunu deyə biləcəyik ki, artıq Ermənistan konkret olaraq sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın tələb etdiyi iki təklifi, yəni Konstitusiya dəyişiklikləri və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı əməli addımlar atsın. Ondan sonra artıq sülh müqaviləsinin imzalanmasından danışmağa dəyər”.

“Bu yanaşmalar təəccüb yaratmır”

Politoloq Aytən Qurbanova bunun ənənəvi erməni siyasətinin davamı olduğunu diqqətə çatdırıb: “Çünki biz fərqli platformalarda sülhlə, sülhün imitasiya oyunu ilə bağlı Ermənistan rəsmilərinin, Xarici İşlər Nazirliyinin, Təhlükəsizlik Şurasının katibinin, eləcə də baş nazirin bəyanatlarını, amma paralel olaraq da sərhəddə hər hansı bir təxribatlaırn həyata keçirilməsini, ya da əsassız ideyaların davam etməsi ilə bağlı mövqeyin ortaya qoyulduğunun şahidi olmuşuq. Bu kontekstdə olan yanaşmalar yeni deyil və təəccüb yaratmır”.

“Azərbaycan bu istiqamətdə humanist mövqeyə sahibdir”

A.Qurbanovanın bildirdiyinə görə, son dövrlər Ermənistan rəsmilərinin bəyanatları və atılan addımlarda müəyyən mənada sülhlə bağlı konstruktiv yanaşmaların olduğunu aydın şəkildə ifadə edə bilərik: “Təbii ki, sülh müqaviləsinin imzalanması üçün kifayət qədər çox uğurlar əldə olunub, yol qət edilib. Xüsusilə də sülh mətninin 17 bəndi üzrə razılığın əldə olunması ikitərəfli danışıqlar formatı çərçivəsində əldə olunmuş ən böyük uğurlardan biridir. Amma düşünürəm ki, Ermənistan tərəfinin bu gün üçün atmalı olduğu ən önəmli addım Konstitusiyaya dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciətin ünvanlanmasıdır. Bu istiqamətdə real addımlar olduğu halda təbii ki, sülh müqaviləsinin imzalanması hər iki tərəf üçün arzuolunan yanaşmadır və Azərbaycan bu istiqamətdə kifayət qədər çox konstruktiv yanaşmalara, humanist mövqeyə sahibdir və bunu hər kəs çox gözəl bilir”.

“Əməli addımlarla dəstəklənməlidir”

Politoloq bildirib ki, Çin-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan inkişaf tendensiyası qarşılıqlı olaraq siyasi münasibətlərin kifayət qədər möhkəm əsaslara və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmasını nəzərə alsaq düşünürəm ki, Çin telekanalına verilən müsahibə təəccüb yaratmır və Ermənistan Çinlə münasibətlərini inkişaf etdirmək üçün Azərbaycanla paralel olaraq sülh danışıqlarında müəyyən bir yol qət etməsi ilə bağlı təəssürat da yaratmaq istəyir ki, bu istiqamətdə Çinin dəstəyini qazana bilsin: “Amma arxa pərdədə əgər verilən bəyanatlar əməli addımlarla müşayət olunsa təbii ki, regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eləcə də Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin bərpa olunması və ümumiyyətlə, normallaşma prosesi ilə bağlı uğurlu nəticələr əldə etmək mümkündür. Amma bu sadəcə bəyanatlarla deyil, eyni zamanda, əməli addımlarla da dəstəklənməlidir ki, biz hər hansısa bir formada nəticəni müşahidə edə bilək”.

“Əhəmiyyətli irəliləyişlər mövcuddur”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, Azərbaycan-Ermənistan sülh gündəmində əhəmiyyətli irəliləyişlər mövcuddur və Ermənistanın daxili siyasi dinamikasında da Azərbaycanın tələb və şərtləri əsasında formalaşan yeni konyukturanın ərsəyə gəlməsi prosesi getməkdədir: “Bu, o deməkdir ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən bir obraz yaratmaq istəyir. Hərçənd ki, bu obrazın nə qədər davamlı olacağı və sülh gündəmində hansı dərəcədə əhəmiyyətli rollar alacağı perspektiv üçün bəzi açıq suallar da qoymaqdadır”.
A.Kərimov əlavə edib ki, bununla belə Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir: “Bu da təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən başlıca prioritet olaraq regional təhlükəsizlik üçün vacib xətt kimi önə çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elanı kimi başa düşülməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini gələcəkdə isə təhlükəsizlik və iqtisadi arenasını yönləndirmək üçün mühüm bir alət qazanmaqdadır”.

“Çərçivə sazişi imzalanması gündəmə gələ bilər”

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın bu trayektoriyadan çıxa biləcəyi ehtimallarını da biz nəzərə almalıyıq: “Çünki Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və bununla da Ermənistan manevrlər etmək üçün müəyyən barmaq yerləri saxlamaqdadır. Ancaq Azərbaycan prosesi diqqətdə saxlayaraq Ermənistanın hər hansı bir revanşa meyillənməməsi üçün kifayət qədər ciddi resurs xərcləyərək diplomatik siyasi həmlələr göstərməkdədir. Prosesin bu formada davam edəcəyi təqdirdə "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər" deyə bilərik. Bununla belə hələki birbaşa müqavilə üçün indiki şəraitdə konyunktura formalaşmayıb. Ən azından buna görə də yaxın zamanlarda Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı çərçivə sazişi imzalanması gündəmə gələ bilər”.

Röya İsrafilova