“Azərbaycan lazım olan addımları atıb, söz Ermənistanındır” Siyasət

“Azərbaycan lazım olan addımları atıb, söz Ermənistanındır”

“Cənab Prezidentimizin Ermənistanın baş naziri ilə görüşündə sülh müqaviləsi və bundan sonra görüləcək işlər barəsində geniş fikir mübadiləsi oldu. Göründüyü kimi, hər iki tərəf müxtəlif sahələri əhatə edən məsul şəxsləri də nümayəndə heyətinə daxil etmişdilər. Bu, onu deməyə əsas verir ki, yerində bir sıra məsələlər barəsində konkret nəticəyə gəlmək mümkün oldu”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, eyni zamanda, işçi qruplarının yaradılması münasibətlərimizi daha da yaxınlaşdıracaq: “Bunlardan biri də Zəngəzur dəhlizi məsələsidir. Bu məsələdə hər iki tərəfin fərqli mövqeyi var, amma bununla belə dəhlizin açılması ilk növbədə Ermənistana fayda verəcək. Çünki bu dəhliz həm şimaldan, həm şərqdən böyük həcmdə yükləri Azərbaycan, Ermənistan, sonradan isə Türkiyə vasitəsilə dünyanın müxtəlif bölgələrinə çatdıracaq. Bu, Ermənistan üçün yüzminlərlə iş yeridir, iqtisadiyyatının genişlənməsi, büdcənin artması, dünya ilə əlaqlərinin genişlənməsidir”.

A.Mirzəzadənin sözlərinə görə, bu məsələdə mövqelər nə qədər fərqli olsa da, onları ortaq məxrəcə gətirmək olar: “Azərbaycan öz tərəfindən bununla bağlı işlər görüb, öz mövqeyini ortaya qoyub. Biz Ermənistanın suverenliyinə hörmətlə yanaşmaqla, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında əlaqəmizin olması hüququmuzun da tanınmasını istəyirik. Konkret detallar, əldə edilən nəticələr sonra bilinəcək, amma bu görüş hər halda mövqeləri daha da yaxınlaşdırmağa və birgə işləmək üçün zamanın yetişdiyini görməyə imkan verdi. Azərbaycan öz tərəfindən lazım olan addımları atıb, söz Ermənistanındır”.

Röya İsrafilova