"Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır". Bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev bildirib.
O, Ermənistanın 25 ildir işğalçılıq siyasətini davam etdirdiyini söyləyib: "Mən Dövlət Dumasının MDB məsələləri üzrə iş komitəsinin keçmiş sədri Leonid Slutskinin sözlərini xatırlatmaq istəyirəm. O, görüşümüzdə bildirmişdi ki, Qarabağ münaqişəsini özümüz həll etməliyik, heç bir halda regiona dəxli olmayan ölkələr bu problemə müdaxilə etməməlidir. Rusiya, işğalçı Ermənistan və ərazisi işğal altında olan Azərbaycan var. Biz özümüz bu problemi həll etməyə borcluyuq. Konfransda təklif edərdim ki, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlasın. Biz nə edə bilərik? Bu gün bu konfransda çox yüksək nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edirlər. Onlar Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına yardımçı ola bilərlər. MDBçərçivəsində Azərbaycan və Ermənistandan olan gənclər arasında dialoqun qurulması da vacibdir. Biz bütün bunları Rusiyadan, bu ölkənin ziyalılarından gözləyirik. Ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq".
Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən danışan R. Rzayev bildirib ki, Azərbaycan münaqişənin nizamlanması prinsipləri ilə razıdır: "Güc və silah tətbiqinin yolverilməzliyi prinsipi ilə razıyıq, baxmayaraq ki, Qarabağda azərbaycanlılara qarşı silah tətbiq olunub, onlar güc yolu ilə yurdlarından qovulublar. Öz müqəddəratını təyin etmə prinsipi ilə də razıyıq. Ermənilər artıq müqəddəratlarını təyin ediblər. Onların Ermənistan adlı dövləti var. Üçüncü isə ərazi bütövlüyü prinsipidir. Bu, ən əsas prinsipdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində referendum keçirilsin və bu referendumun nəticəsinə baxılsın".