

Cari il Azərbaycan-Çin əlaqələri üçün çox uğurlu olub.
APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının qurulmasının 76-cı ildönümünə həsr olunmuş mərasimdəki çıxışında deyib.
“Biz şadıq ki, bu il Çin və Azərbaycan münasibətləri üçün həqiqətən də səmərəli bir il olmuşdur. Prezident İlham Əliyev bu il Çinə iki dəfə səfər edib və dövlət başçılarımız hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalayıb, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün bir çox mühüm razılaşmalara nail olublar. Bu sahələrə rəqəmsal iqtisadiyyat, yaşıl enerji, turizm və digər bir çox sahələr daxildir” - Çin səfiri qeyd edib.
Səfir Prezident İlham Əliyev və Çin lideri Si Cinpinin müştərək rəhbərliyinin iki ölkə əlaqələri üçün strateji bir yol xəritəsi cızdığını vurğulayıb.
Lu Mey hər iki ölkənin qlobal təminat zəncirinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib və nəqliyyat-logistika sahəsində əlaqələrin inkişafından danışıb.